Gənc fəal Nəriman Abdullanın bu gün, aprelin 11-də Lənkəran şəhərində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 10 sutka həbs olunduğu bildirilir.
Bu barədə N. Abdullanın yaxınları məlumat verib.
Məlumata görə, fəalı aprelin 10-da axşam saatlarında Lənkəran Rayon Polis Şöbəsinin üç əməkdaşı evdən aparıb:
“Nərimanı evdən aparıblar. Heç bir şeyi da izah etməyiblər. Gecə evə yenidən polis gəlib və Nərimanın telefonunu aparıblar”.
Fəalın yaxınları onun həbsini sosial şəbəkələrdə yazdığı statuslarla və şərhlərlə izah edir.
Bu deyilənlərə, hələlik, Lənkəran Rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.
Müxalifət və bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti karantindən tənqidi mövqelərin susdurulmasından ötrü istifadə edir. Rəsmilər isə belə fikirləri qəbul etmirlər.
Daxili İşlər Nazirliyindən (DİN) vurğulanıb ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir.
“Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülub.” , deyə DİN aprelin 10-da qeyd edib.
Azadlıq radiosu