
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün, oktyabrın 6-da Azərbaycana gəlib.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da M.Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə bu səfər xüsusi önəm daşıyır: “Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür”.
Azərbaycan prezidenti əlavə edib ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır: “Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır”.
M.Çavuşoğlu deyib ki, “Türkiyənin Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim”.
O, daha sonra da qeyd edib ki, Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır: “Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla (Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov) bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik…”.
Azadlıq radiosu