
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Gözəl xanımın ağır xəstə olduğunu, bir ildə Gürcüstanda üç cərrahiyyə əməliyyatı keçirdiyini, elə Gürcüstandan növbəti müalicədən qayıdarkən şərlənib həbs olunduğunu hamı bilir.
Onu Səbail rayon məhkəməsinə 15-20 zirehli maşının, 30-40 nəfər xüsusi təyinatlının mühafizəsi altında sanki Usama ben Ladeni gətirirmişlər kimi gətirdilər. Bir helikopter çatışmırdı. Gözəl xanımın rəsmi ittihamı isə guya sərhəddən bəyannaməsiz 12 min dollar pul keçirmək cəhdi idi. Buna görə Azərbaycanda hələ bir insanı bir gün polis idarəsində saxlamayıblar. Gözəl Bayramlını isə şərləyib iki il həbsdə saxladılar.
Gözəl xanım Gürcüstandan pul gətirmirdi, ancaq müalicəsi üçün bir qucaq dərman gətirmişdi. O dərmanları əlindən aldılar və geri qaytarmadılar. Üç ay ağır xəstə olan Gözəl xanıma, ümumiyyətlə, heç bir dərman vermədilər. Və bununla da onun həyatını məhv etdilər. Bəli, Gözəl xanım öz əcəli ilə ölmədi, onu bu rejim öldürdü.
Bu gün isə növbəti rəzalətə əl atdılar. Məhv etdikləri mərd, fədakar bir qadının nəşindən də əl çəkmədilər. Gözəl xanımın dəfn mərasimində iştirak edən insanları incitdilər, polis şöbələrinə apardılar, dəfnə, məzar başına buraxmadılar.
Guya karantin qaydalarına riayət edirdilər. Dədə Qorqud qəbristanlığında yaxınlarını bu günlərdə dəfn edən insanlar heyrət içində idilər. Bir neçəsi bizə dedi ki, dünən, iki gün öncə 100-150 nəfərin iştirakı ilə dəfn mərasimi keçirmişik, heç kim müdaxilə etməyib. Bəs indi niyə qəbiristanlığa bu qədər polis töküblər, dəfnə imkan vermirlər?! Səbəb nədir?!
Səbəb çox sadədir. Nifrət. Onlardan olmayan hər kəsə qarşı nifrət. Dirisinə də, ölüsünə də nifrət. Qadınına da, kişisinə də nifrət. Hətta uşağına da nifrət.
Özü də bunu aralarında çox sayda müxalifətçinin də olduğu bu xalqın gəncəcik balalarının (onların harın və qudurğan övladlarının biri də savaşmır) bu torpaq uğrunda can verdiyi, milli barışa, həmrəyliyə, birliyə ən çox ehtiyac olan gündə edirlər. Milli birlikdən danışa-danışa edirlər.
Hərəmizi bir cür məhv edirlər. Oqtay bəyi bir cür, Gözəl xanımı bir cür. Tofiq bəy güclə kəfəni yırtıb çıxdı. Mən mənəvi və inzibati terror altındayam. Bütün dostlarımız əyninə kəfən geyinib hər an fərmanının veriləcəyini gözləyir…
Bu xalq isə hər şeyi görür…
Allah Gözəl xanıma və bütün şəhidlərimizə rəhmət eləsin! Məkanları cənnət, ruhları şad olsun!