AXCP sədrinin müavini Gözəl Bayramlı uzun sürən xəstəlikdən sonra oktyabrın 7-si dünyasını dəyişib. Azərbaycanın mübarizə, ləyaqət simvolu Gözəl Bayramlı həmişə yaddaşlarda qalacaq.

AXCP sədri Əli Kərimli
Xalq Cəbhəsi ailəsinə, ölkəmizin demokratik ictimaiyyətinə, bütövlükdə xalqımıza ağır itki üz verib. AXCP sədrinin müavini, Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından, ölkəmizin demokratikləşməsi uğrunda mübarizənin öndə gələn isimlərindən biri Gözəl Bayramlı uzun surən xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin!
Xalqımızın başı sağ olsun!
Mübariz bir xanım haqqında vida sözü

Milli Şuranın sədri Cəmil Həsənli
Lap bu yaxınlarda ondan xəbər tutmuşdum. Yaxşı olduğunu, hətta Milli Şuranın Koordinasiya Mərkəzinin son toplantılarından birinə qatıldığın da demişdilər. Bir az əvvəl Gözəl xanımın vəfatı xəbərini aldım. Çox kədərli və acı bir xəbər oldu. Erməni işğalı altında olan torpaqların azad olunması onun ən böyük arzusu idi. Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarının davam etdiyi, şəhər və kəndlərin bir-birinin ardınca azad olduğu günlərdə o, bizləri tərk etdi.
Gözəl xanım mübarizə adamı idi. Xalq hərəkatı başlayandan müstəqillik uğrunda mübarizənin önündə olub. Xalq Cəbhəsinin sıravi üzvündən Nərimanov rayon təşkilatının rəhbəri, az sonra isə Xalq Cəbhəsinin Rəyasət Heyətinin üzvü və təşkilatın sədr müavini olub. Rəhmətlik Həsən Kərimovla birlikdə Cəbhənin təşkilatlanmasında Gözəl xanımın müstəsna xidmətləri olmuşdu. Həsən bəyin vəfatı və Fuad Qəhrəmanlının saxta ittihamla Nardaran işinə görə həbsindən sonra Xalq Cəbhəsinin təşkilatı baxımdan ağırlıq yükü Gözəl xanımın çiynində idi. Gözəl xanım Milli Şura yaradılandan onun sıralarında olub və uzun müddət təşkilatın rəhbər heyətində təmsil olunub. Onun vaxtsız vəfatı Xalq Cəbhəsi, Milli Şura və bütün demokrat düşərgə, ümumilikdə xalqımız üçün ağır itki oldu.
Gözəl xanım mübarizənin önündə, mitinqlərin təşkilində aparıcı roluna görə saxta bir ittihamla həbs edilmişdi. Ölkə içində onu həbs etmək üçün elə bir dəlil tapa bilmirdilər. Sağlamlığında yaranmış problemlərlə bağlı tez-tez Tbilisiyə müayinə və müalicəyə getdiyindən 2017-ci ilin mayında onu həbs etmək üçün xüsusi əməliyyat hazırlamışdılar. Həmin əməliyyat Əfqan Muxtarlının oğurlanması, professor Fərman Ceyranlının həbsini də əhatə edirdi. Tbilisidən geri dönərkən sərhəd xidmətində onun çantasına 12 min dollar pul qoymuşdular. Əslində, icazə verilən məbləğdən artıq valyuta keçirmək üstündə Azrbaycanda heç kəsi həbs etmirlər. Ya cərimə edir, ən pis halda isə pulu müsadirə edirlər. Amma əməliyyat məhz xüsusi məqsədlərlə hazırlandığı üçün Gözəl xanımı həbs etdilər, müalicəsi yarımçıq qaldı, uzun müddət zəruri dərmanları ona vermədilər və xəstəliyi ağırlaşdı. Onun vaxtsız vəfatı məhz bunlarla bağlı idi. Cəzaçəkmə yerində ağırlaşan xərçəng xəstəliyi öz işini gördü və bir illik Almaniya klinikalarında aparılan müalicə də Gözəl xanımı xilas etmədi.
Biz Qazaxda və Gəncədə onun məhkəmələri keçiriləndə prosesdə iştirak etdik. Açıqca Azərbaycan hüquq mühafizə orqanları, Əliyev rejimi bütün gücü ilə ona qarşı dayanmışdı. Ona qarşı əməliyyat Sərhəd xidmətinin əli ilə həyata keçirilmişdi və məhkəmə araşdırması zamanı çiyinlərində rütbə daşıyan bu xidmətin əməkdaşları sözün tam mənasında rəzalət, namussuzluq törətmişdilər. Amma Gözəl xanım nə məhkəmə zamanı, nə qanunsuz həbs dövründə, nə də ağır xəstəliklə mücadilədə heç vaxt qürurunu sındırmadı, başını dik tutdu, doğru bildiyi mübarizəsini son günə qədər şərəf və ləyaqətlə apardı.
Şübhəsiz ki, Gözəl xanım İlham Əliyevin təqib, şərləmə, saxta ittihamla həbs, öz əleyhdarlarına qarşı dövlətin resurslarından istifadə siyasətinin qurbanlarından biridir. Həbs edilən zaman onun müalicəyə gedib gəldiyini bilirdilər, cəzaçəkmə yerində onun ağır xəstə olduğunu bilirdilər, bəzən Gözəl xanım səhhətindəki ciddi ağırlaşmalara görə yaxınları ilə belə görüşə gələ bilmirdi. O, Əliyevin istibdad rejiminin, tiranlığının, kleptokratik təkəbbürünün qurbanlarından biridir. O, sözün tam mənasında şəhiddir, demokratiya şəhidi, azadlıq mücahidi, millətin təməl haqqı və hüququ uğrunda ardıcıl mübarizənin şəhidi. Ailəsinə, yaxınlarına, bütün millətimizə başsağlığı veririk. O, xalq adamı, millət fədaisi idi və onun əziz xatirəsi uzun illər millətimizin qəlbində yaşayacaqdır. Allah rəhmət eləsin.
Qürurlu, mərd, yenilməz iradə sahibi

İctimai məğrurluğun Vətən uğrunda savaşa necə səfərbər etdiyini gördü, sonra gözlərini yumaraq “Əlvida” dedi Azərbaycana, azərbaycanlılara!
Lap son günlərinə qədər optimist idi. Ağır xəstəliyə – xərçəngə tutulduğunu bilirdi, sağalacağına ümidi vardımı, deyə bilmərəm. Amma optimist görünüşü vardı. Danışığı da elə… çox nikbin. Mənə elə gəlirdi ki, çevrəsindəkilərin ona yazığının gəlməsini istəmirdi və özünü ya məlumatsız, ya da tox tuturdu.
Bütün həyatı azadlıq uğrunda, insanlıq uğrunda mübarizəyə həsr edilmişdi Gözəl xanımın. Xərçəng onu siyasi məhbus olaraq saxlandığı həbsxanada yaxalamışdı hər halda və bu üzdən xəstəliyin müalicə vaxtı keçdikdən sonra üzə çıxmışdı. Müalicəsi də gec idi… Almaniyaya gəldi və gəlişinin bir faydası oldu ki, burda qaldığı müddət ərzində, hardasa, bir ilə qədər ömrü uzandı. Amma hətta Almaniya tibbi də o mərhələni aşmaq iqtidarında deyildi. Buna görə də lap son çağlarda yaxınlarına məsləhət görmüşdülər ki, Vətənə getsin və son günlərini orda keçirsin.
Azərbaycana gedişinin müvəqqəti olduğunu bilirdi. Yəni, elə bilirdi. Elə bilirdi ki, müalicəyə üçün Almaniyaya dönəcək yenə… Amma biz bilirdik ki, geri dönə bilməyəcək!
Azad Azərbaycan üçün, ləyaqətli və qürurlu cəmiyyət uğrunda həyatını həsr etmiş Gözəl xanım azərbaycanlıların indiki çox nikbin günlərində bu həyatla vidalaşdı. İctimai məğrurluğun Vətən uğrunda savaşa necə səfərbər etdiyini gördü, sonra gözlərini yumaraq “Əlvida” dedi Azərbaycana, azərbaycanlılara!
Qürurlu, mərd, yenilməz iradə sahibi olan Gözəl xanım!
Allah rəhmət eləsin!
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid