
Bəxtiyar Hacıyev
Döyüşlər başlayan ilk dəqiqələrdən başlayıb, atəşkəs anonsu verilən ana qədər həm sözü, həm əməli ilə Ali Baş Komandanın yanında olan, ön cəbhəyə getməyə hazır olub, bunun üçün israrla müraciətlər etmiş şəxslərin atəşkəsin müddətini, məqsədini sorğulamaq haqqı var. Heç kim heç kimə bu haqqı qadağa edib, suyu bulandıra bilməz.
İnsanlar haqlı olaraq “hərbi üstünlüyümüz varsa, deyilən şərtlərin heç birinə əməl olunmayıbsa, Türkiyə diplomatik və hərbi sahədə arxamızdadırsa, niyə məhz Moskvada və Rusiyanın təlimatı ilə yenidən müddətsiz atəşkəs elan edilməlidir?
Açıqlanan bəndlərdən ikisi bir-birini tamamlayan texniki bəndlər, digər ikisi isə əvvəlki faydasız danışıqların prinsiplərini təkrar edirsə, bu atəşkəs Azərbaycana nə verəcək?
Danışıqlar prosesi ilə məsələ həll oluna bilərdisə, hərbi əməliyyatlara və sayı açıqlanmayan şəhid verməyimizə nə gərək vardı?
Hər şey Rusiyada və Putinin təşəbbüsü ilə dayanırsa, Türkiyəni prosesə cəlb etməyimiz nəyə lazım idi?
Ermənilər bir kəndi belə ağır döyüşsüz qaytarmayıblarsa, əksinə, dünyaya car çəkib, “DQR müstəqilliyi tanınmalıdır” deyirsə, işğal altındakı bütün torpaqları döyüşsüz, danışıqlar masasında necə qaytaracaq? “
və s. və ilaxır sualları soruşmaq ilk gündən bu günə qədər Ali Baş Komandana sözü və əməli ilə dəstək vermiş hər bir vətəndaşın, xüsusi ilə də şəhid ailələrinin haqqıdır.
Kimsə işlədiyi qurumdan aldığı 5-10 manat maaşa görə yaltaqlanmaq istəyirsə, öz səhifəsində “Allah ömrümdən kəsib, filankəsin ömrünə calasın” deyərək yaltaqlana bilər.
Heç yerdə müzakirə edilməmiş “Susun! Danışmayın! Atəşkəs 72 saatlıqdır” deyib, malalayıb, atəşkəs dövründə legitim suallar soruşan adamları hədəf alıb, “aranı qatırsınız, yeri deyil, ölkədə xaos yaratmaq istəyirsiniz!” kimi ittihamlar səsləndirən 72%lik nəmləndiricilər əmin olsunlar ki, bu sualları qaldıranlar heç də Azərbaycanı sizdən az sevmirlər və heç də Qarabağın işğaldan azad edilməsini sizdən az istəmirlər.
Hər şeyə “ləbbeyk” deməyə öyrəşmiş adamlar anlamalıdırlar ki, normal bütün cəmiyyətlərdə belə həssas mövzularda hakimiyyətin addımlarını sorğulamaq adi bir vətəndaş hüququdur.
Yaxın günlər hər şeyi aydın göstərəcək. Özünüzə yaxşı baxın.