
Məcburi köçkün vəsiqəsi bizim «vizit kart»ımız idi. Hara üz tuturduqsa bizdən həmin vəsiqə tələb olunurdu. O vaxt yerli camaat elə bilirdi biz o vəsiqəni göstərib, avtobusa da pul vermirik.
«Qaçqınlar bizim hesabımıza yaşayır» cümləsini onlardan tez-tez eşidirdik.
Yataqxanaya köçməzdən əvvəl bir çox yerlərə üz tutub ailəm. Amma şəraitsizlik, iş tapa bilmədikləri üçün hər dəfə yeni bir yerə köç etmişik.
Mama rayondakı evimizdən «qara günümüz üçün» yığdığı pulu götürə bilmişdi. Həmin pulla Maştağada (Bakıda yaşayan qohumum vasitəsilə)kiçik, uçuq-sökük bir ev ala bilmişdik.
Həmin vaxt valideynlərim böyük qardaşımla birlikdə (qardaşımın 13-14 yaşı olardı) alver etmək, iş yeri tapmaq üçün Dərnəgülə gedirdilər. Böyük bacım həm bizə baxır, həm də evin yükü onun üstündə idi.
1-ci sinfə də elə Maştağada məktəbə getmişdim. Bacım məndən 3 yaş böyük olmasına baxmayaraq məktəbə gedə bilməmişdi deyə, o da mənimlə eyni sinifə getdi. Sinifdə həmişə sonuncu partada otururduq. Müəllimə insaflı idi, bilmədiyimizi öyrətməyə çalışırdı. Amma uşaqlar yaxınlaşmazdı bizə. Bacım böyük idi deyə bəlkə də başa düşürdü. Mənsə ancaq ağlayırdım.
Qonşuların bizə münasibəti pis idi. Evdən bacımla mənə pul verirdilər ki, qonşudan qatıq alaq. Bir neçə dəfə «yoxdur,satılıb» deyirdilər. Sonra bizi görəndə qapını açmazdılar. Bir dəfə də tək getmişdim qatıq almağa. Əlimdəki pulu tez-tələsik göstərdim, görsün ki, pulumuz var. Amma yenə də evə əliboş qayıtmışdım. Bacımla məktəbdən evə qayıdanda (xeyli məsafə idi məktəblə evin arası) küçədə uşaqlar geyimimizə lağ edirdi, «qaçqınlar» deyə, qışqırıb, arxamızca daş atırdılar. Ona görə hər gün ağlayırdım, məktəbə getmək istəmirdim.
Atamgil yataqxanada bir otaq tapdılar və biz yenə köçdük. Maştağadakı evi isə nə sata bildik, nə də bizdən o evdən niyə getdiyimizi soruşan oldu. Sonradan eşitdik ki, elə oranın sakinlərindən biri həmin evdə yaşayır.
Yataqxanada yaşayanların hamısı köçkün idi deyə, bura bizə daha doğma idi. Amma doğma olduğu qədər də, faciəvi idi bu yer. Hər mərtəbədə 1 tualet, 1 hamam vardı.Qadın, kişi, uşaq-hamısı eyni yerdən istifadə edirdi. Hamamda yuyunmağa görə, hər gün qonşular bir- birilə dalaşırdı. Tualet növbəsi lap dəhşət idi. Uşaqlar çox zaman binanın zirzəmisinə üz tuturdu. Bəzən də uşaqları orda kəsəyən dişləyirdi.
Zirzəmidən və yataqxana binasının qapıları arxasından şprislər tapırdıq, onların iynə hissəsini atıb, kuklamıza iynə vururduq. «Narkomanların iynəsi» sözünü tez-tez eşitsək də, fərqinə varmırdıq heç nəyin.
Burdakı bədbəxtliyi insanların hərəsi bir cür yaşayırdı. Ailəsində qız övladı olanlar ailənin yükü azalsın, yatmağa yer olsun deyə qızlarını erkən yaşda ərə verirdilər. Qızlar ailə qurub, bu yataqxanadan çıxıb, digər yataqxanaya ər evinə köçürdülər. Bəziləri boşanıb uşaqla birlikdə ata evinə qayıdırdı.
Yataqxanada «ərə getmək» dəb idi. Qadınlar işdən vaxt tapan kimi, kiminsə qızı üçün ər axtarırdı, seçimi də elə onlar edirdi. Araların da falçılıq edənləri də vardı.Falçı, qızların tez ərə getməsi üçün dua yazırdı və bu duanın yanında da yumurta olurdu.Tapşırırdı ki, mütləq dənizə atılmalıdır. Böyüklər yumurtaları dənizə atmağa utandıqlarından, həm də qorxduqları üçün uşaqları «Xəzər» dənizinə gəzməyə elə buna görə aparırdılar və yumurtaları dənizə bizə atdırırdılar. «Dualı yumurtalar» ın dənizə atılmasında mənim də əməyim az deyildi…
İmkanı olmayan qadınlar uşağını elə yataqxanadakı evində dünyaya gətirirdi. 5 oğlu olan bir qonşumuz var idi. Böyük oğlunu evləndirmişdi. 1 otaqlı evin kiçik hissəsini köhnə pərdəylə bölmüşdü, gəlin də elə həmin «yeni otağa» köçmüşdü.
Qardaşım Bakılı bir qızı sevirdi. Dərnəgülün bir yerində jetonlu telefonlar vardı. Həmişə o, qızla ordan jeton atıb danışardı. Bəzən qardaşımın işdən imkanı olmayanda, qıza məktublarını mən çatdırırdım. Qızın anası bu münasibətdən xəbər tutub, mamaya demişdi ki, qaçqına qız verməz. Elə də oldu. Bir neçə aydan sonra Lalə Bakılı oğlanla evləndi.
Yataqxanada cahillik baş alıb gedirdi. Heç kim uşağının təhsili ilə maraqlanmırdı. Bir dəfə mama xəmiri qatıb, çörək bişirməyi mənə tapşırmışdı. Başım dərs oxumağa qarışdığından çörəyi yandırmışdım. Həmin gün mama məni döymüş, həm də kitab-dəftərimi yığıb zibilxanaya atmışdı. Rəfiqəm Şahnaz zibilxanadan kitablarımı yığıb, özündə saxlamışdı. Bu cür hadisələr hər evdə yaşanırdı.
Valideynlər erməninin yaşatdığı faciənin acısını sanki bizdən çıxarmağa çalışırdılar. Bizim qarnımız tox olsun deyə, hər cür əziyyətə qatlanmalı olurdular. Mama o qədər yorulurdu ki, axşam yatanda corabını belə soyunmağı unudurdu. O, işləməkdən qabar olmuş əllərindən, üst- başından utanırdı deyə, heç vaxt valideyn iclaslarımıza getməzdi.
Qonşumuz da qadın hamilə idi, o da bazarda satıcı işləyirdi. Ağır meyvə-tərəvəz yeşiyi qaldırmaqdan, qarnını piştaxtaya söykəməkdən uşağı şikəst doğulub, ölmüşdü.
Yerli camaat hər fürsətdə bizdən şikayət edirdi. Yataqxananın qarşısındakı bazar onların gediş-gəliş yeri idi. 8 ya, 9 yaşım olanda ordan keçən Bakılı bir xanımın geyiminə, «baxın, necə geyinib» dediyim üçün qadın mənə « tərbiyəsiz qaçqın» demişdi. Mamaya məni döydürdü, üzr istədim, ondan sonra bizdən əl çəkmişdi.
Atam, bir az pul toplayıb, böyük bacımı Mədəni-Maarif adına texnikuma yazdırmışdı. (Böyük bacım və qardaşım orta məktəb oxuya bilmədilər.) Bacımın qrup yoldaşı Dərnəgül də şəhər binasında yaşayırdı. Bəzən bacım kitab və dəftərini verirdi ki, aparım Gülnarə adlı o qıza verim. Hər dəfə onların məhləsinə gedəndə qorxurdum. Qayıdanda yol boyu qaçırdım .
Bir dəfə məhlədəki qız uşaqları yığışıb məni döymüşdü, «qaçqın bizim məhləmizə gələ bilməz» demişdi. Evlərinə kitab apardığım qıza bacım demişdi bu hadisəni, qız onların valideyninə desə də, yenə də məni təkləyən kimi təhqir edirdilər.
Dərnəgül də 9 mərtəbəli yataqxanalardan birinə «intihar binası» adını vermişdilər. Bir dəfə uşaqlarla oynadığımız vaxt bir qadının 9-cu mərtəbədən özünü yerə atdığını görmüşdük. Onun cəsədi bir neçə saat elə asfalt üstündə də qalmışdı.
Uşaqlar isə həmin binanın yuxarısına çıxıb «erməni qəbiristanlığı» deyilən əraziyə tamaşa edərdi.
«Yataqxanalardakı məcburi köçkünlərə yardım edildi» xəbərini televizorda eşidirdik, o yardımların üzünü görməzdik. «Dünyada barış» adlı bir təşkilat məcburi köçkün uşaqları üçün ingilis dili və kompyuter kursu açmışdı. Kursun giriş qapısına kurs pulsuzdur yazılsa da, bizdən «yer pulu» alırdılar.
Novruz bayramı yataqxanada təntənəli qeyd olunurdu. Adi günlərdə hamamdan gec çıxdığına, çimmək növbəsinə görə dalaşan qonşular həmin günlər çox mehriban olurdular. Hafizə nənənin evinə yığışardıq, şəkərbura, qoğal, paxlava bişirərdik. Qapı pusmaq, papaq atmaq – hamısını edərdik.
Bütün qanunların ayaq altında olduğu yataqxanada, Novruz bayramının adətlərini necə varsa, elə də yerinə yetirərdik. Hətta qızlar bayram gecəsi yatmayıb, qaranlıqda oturub güzgüyə baxırdılar ki, gələcək həyat yoldaşını görə bilsinlər. Bir bayramın səhəri də xəbər çıxmışdı ki, qızlardan biri gecə güzgüdə qoca kişi görüb, dəli olub.
Bir dəfə xarici təşkilat nümayəndələri yenə yataqxanaya gəlmişdilər. Həmin vaxt uşaqlarla binanın həyətində oturub qənd-çörək yeyirdik. Həmin xaricilər yaxınlaşıb bizimlə şəkil çəkdirdi, mən əlimdəki qənd-çörəyi ona uzatdım, gülümsəyib aldı. Onlar bizdən uzaqlaşan da baxdım ki, qənd-çörəyi daşın üstünə qoyub, çıxıb getdi…
Yazı Günay Musayeva adlı facebook istifadəçisinin səhifəsindən götürülüb