
Milli Şuranın sədri Cəmil Həsənli
Bütün millətimiz sevinc içindədir. Qubadlı, Bərgüşad yurdu azad edilib. Qubadlı mənim xəyallarımın şəhəridir. Zəngəzurun bir parçasıdır Qubadlı. Azərbaycan toponimkasının ən gözəl inciləri Həkəri çayı, Bərgüşad çayı boynca, Bərgüşad dağ silsiləsinin ətəklərində yerləşir. Armudlu, Aşağı və Yuxarı Mollu, Bala Soltanlı, Ballıqaya, Başarat, Dağ Tumasın qardaşı Çay Tumas, Dədə Qorqud boylarından gələn Dondarlı, Eyvazlı, Dədə Süleymanın yurdu Əyin, Xanlıq, İşıqlı, tarixin yadigarı Qaraqoyunlu, Qayalı, Muradxanlı, Saldaş, Sarıyataq və adlarını çəkmədyin digər kəndlər qədim yurd yerləridir.
Qubadlının təbiəti, dağı, dərəsi, çayları, xınalı meşələri mənim yaddaşıma Süleyman Rəhimovun “Şamo” romanından hopub. Bu əsəri mən 9-cu sinifdəykən oxumuşam. Böyük bir kitab idi. Bir dəfə qonşu Dilavər kişi bu əsəri mənim əlimdə görəndə alıb o üz – bu üzünə baxıdı və təəccüblə dedi ki, bala sən bu kitabı necə oxuyub qurtaracaqsan, bu kitab səndən böyükdür. Amma “Şamo”nu mən oxuyub qurtardım və sonralar “Saçlı”nı da, “Ağbulaq dağlarında” romanlarını və “Mehman” povestini də oxudum. Məhz, bu əsərlərdən mənim xəyallarımda Qubadlının təkrarsız bir taplosu çızıldı.
Biz universitetin tarix fakültəsində oxuyanda Qubadlının Aşağı Mollu kəndindən Sərraf Kərimov adında bir tələbə yoldaşımız var idi. Uca boylu bir gənc idi. Heyif ki, universiteti bitirdikdən bir neçə il sonra dünyasını dəyişdi, iki qız balası qaldı. Çox vətənsevər bir oğlan idi Sərraf. O, məni Qubadlıdan olan çox istedadlı şair Eldar Baxışla tanış etmişdi. Sonradan bu tanışlıq isti və səmimi münasibətlərə çevrildi.
Eldar Baxış biz universitetə daxil olmazadan bir il əvvəl – 1969-cu ildə tarix fakültəsin bitirmişdi. Tələbə auditoriyasında və gənclər arasında çox sevilən, vətəndaşlıq ruhundan mayalanmış gözəl şeirləri vardı. Poetik düşüncələri qanadlı quş kimi idi. KGB bir neçə dəfə o quşun qanadlarını yolmağa çalışsa da, Eldar Baxışın ruhunun pərvazlanmasının qarşısını ala bilmədi. Ötən əsrin 70-80-cı illərində gənclərinin vətənçilik, azadlıq ruhunda formalaşmasında Eldar Baxışın şeirləri mühüm rol oynadı. Onun şeirlərində azadlıq ruhu çox güclü idi. “Yarımçıq azadlıq” adlı maraqlı bir şeiri vardı, orada deyirdi:
Yarımçıq azadlıq
Alacağım nəfəsin
yarısını ala bilirəm,
deyəcəyim sözün
yarısını deyə bilirəm,
gedəcəyim yolun
yarısını gedə bilirəm,
çatacağım mənzilin
yarısına çata bilirəm…
…Mənə yarımçıq
azadlıq verincə,
bütöv ölüm ver, İlahi!..
Amma İlahi o bütöv ölümü Eldar Baxışa da, bizim tələbə yoldaşımız Sərrafa da çox tez verdi, onlar doğma yurdun azad olunduğu günü görə bilmədilər. Dünən Qubadlının azad olunmasın eşidincə ilk olaraq bu dünyadan vaxtsız getmiş Sərrafı, Eldar Baxışı xatırladım. Ruhları şad olsun!