
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən ikisi saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. İcra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərov və digərlərinin işi üzrə məhkəmə prosesində bu məsələ də araşdırılır.
Öldürülənlərdən biri – Anar Bağırovun bacısı Aynurə Bağırova onun hüquqi varisi qismində tanınıb. O, qardaşına bəraət verilməsini tələb edir. Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışan A.Bağırova bildirib ki, qardaşı günahsızdır, onu qisas məqsədilə öldürüblər: “Gəliblər, evdə olan dostunu bayıra çıxarıblar, Anarı evin içində güllələyiblər. Bu, qisas idi. Elmar Vəliyevin güllələnməsinin qisasını ondan alırdılar. Ona görə də birinci elə başından vurublar. Bununla ürəkləri soyumayıb. Yerdə daha üç güllə vurublar – ürəyinə, ciyərinə, ayağına. Güllələrin vurulma trayektoriyasından bilinir ki, o, yerdə olanda atəş açıblar”
“Gəlib elə orada güllələyiblər”
A.Bağırovanın sözlərinə görə, qardaşı Yunisi çoxdan tanıyırdı. Y.Səfərov icra başçısına qarşı sui-qəsd hadisəsindən əvvəl polisin silahını götürüb qaçdığına görə axtarışda olanda onu tanıyan bir neçə nəfəri, o cümlədən A.Bağırovu da polisə aparıb saxlayıblar: “Anarı, Hamleti və başqalarını tutub saxlamışdılar. Onları o qədər döymüşdülər… Elmar məsələsi olanda Anar anama dedi ki, məni bir də tutub elə işgəncə versələr, dözməyə canım yoxdur. Ona görə çıxıb Bakıya gəldi. Burada fəhləliklə pul qazanırdı. Ona demişdilər ki, Binəqədidə bir ev var, günü iki manata qalmaq olur. Bir nəfərlə birlikdə orada qalırdı. Gəlib elə orada güllələyiblər”.
A.Bağırova deyir ki, qardaşı öldürüləndən sonra onlara bu haqda məlumat verilməyib. Dayısı oğlu internetdə məlumatı görüb, onlara xəbər çatdırıb.
A.Bağırova Gəncədə polislərin davranışından da şikayətlənib. O bildirib ki, qardaşının meyitinə görə Kəpəz rayon Polis İdarəsinin rəhbərliyi onlardan 500 manat pul tələb edib: “Vüqar adlı rəis vardı, kinayəli danışırdı. Deyirdi ki, cinayətkarın arxasınca niyə gəlmisiz? Biz əvvəl xəbər bilmək üçün getmişdik, çünki onda öldüyünü bilmirdik. Sonra öldüyünü biləndə bizdən soruşdular ki, harada basdıracaqsız? Dedik ki, atamın yanında. Dedi ki, “yox, olmaz, o, cinayətkardır, bu da ananın cəzası olsun o cür övlad tərbiyə etdiyinə görə…”. Bunlar bu qədər qansızlıq elədilər bizə qarşı”.
A.Bağırova qardaşının ölümündə əli olanların hamısının cəzalandırılmasını tələb edir. Amma buna ümidi olmadığını da vurğulayır. Onun fikrincə, Azərbaycanda bu işə obyektiv, ədalətli baxacaq hakim yoxdur.
“Evdə qonşu olub”
Bu cinayət işində təqsirləndirilən şəxs qismində tanınan, amma saxlanılarkən öldürülənlərdən biri də Ağa Sərxanidir. Onu öldürən isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İftixar Rüstəmov olub. Bunu adıçəkilən polis əməkdaşı özü də oktyabrın 27-də məhkəmədə təsdiqləyib.
O bildirib ki, iki gün A.Sərxanini izləyiblər. Yerini müəyyənləşdirəndən sonra üç nəfər mülki geyimdə, amma silahla onun qaldığı evə gediblər: “Biz bilirdik ki, evdədir. Bizim gəldiyimizi bilən kimi işığı, televizoru söndürdü. Onu çağırdıq, bizi söyməyə başladı, “yezid”, “yezidin balaları” deyirdi. Qapını açıb, bizə tərəf iki dəfə atəş açdı. Mən də ona üç-beş dəfə atəş açdım”.
İ.Rüstəmov həmin vaxt evdə başqa heç kimin olmadığını deyir. Amma A.Sərxaninin həyat yoldaşı, onun hüquqi varisi qismində tanınan Sevinc Sərxani bu barədə deyilənlərin yalan olduğunu bildirir.
“Evdə qonşu olub. Ümid edirəm, Allah sizin tezliklə cəzanızı verəcək. Onu öldürmək üçün getmişdiniz. Siz elə məxluqlarsınız ki, insan talelərini məhv eləmək sizin üçün heç nədir. Nə qədər adamın üzünə nahaqdan dayanıb bədbəxt eləmisiniz…”, – S.Sərxani məhkəmədə belə deyib.
Məhkəmədə təqsirləndirilən şəxslərdən Cəfər Zalov, Ceyhun Qubadov da dindirilib. Onlar günahsız olduqlarını, işgəncəyə məruz qaldıqlarını bildiriblər.
C.Zalov deyir ki, onu 10 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar. Sonra istintaq təcridxanasına köçürsələr də, yenə bu idarəyə aparıb-gətiriblər. İdarədə döyülməklə, bədəninə cərəyan verilməklə işgəncəyə məruz qaldığını deyən C.Zalov bu üzdən oxumadan ifadələrə imza atdığını söyləyib.
Məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.
Azadlıq radiosu