
Bu gün, oktyabrın 30-da Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işi üzrə hazırlıq proses keçirilib.
Hakim Azər Tağıyev prosesdə iştirak edən “Turan” İnformasiya Agentliyin direktoru, O.Gülalıyevin ailəsinin hüquqi nümayəndəsi Mehman Əliyevə hüquq müdafiəçisinin səhhəti ilə bağlı sual verib.
M.Əliyev bildirib ki, O.Gülalıyevin səhhətində müsbət tendensiyalar var, danışa bilməsə də, hissiyyatı var, yaxın günlərdə müalicə aldığı Türkiyədən Bakıya gətiriləcək və müalicəsi evində davam etdiriləcək.
Prosesdə heç bir vəsatət təqdim edilməyib və məhkəmə baxışı noyabrın 13-ə təyin olunub
Sürücü: “Oqtay bəy ölkəyə qayıdanda…”
“Turan” agentliyinin xəbərinə görə isə, məhkəmədə iştirak edən təqsirləndirilən şəxs Kənan Abdullayev prosesdən sonra onlara bildirib ki, özünü peşman sayır: “Oqtay bəy ölkəyə qayıdanda mütləq gedib ona dəyəcəm. Hadisədən sonra mən özüm onu götürdüm, xəstəxanaya apardım. Özünü yaxşı hiss edirdi, danışırdı…”.
K.Abdullayev bundan əvvəl də hadisəni qəsdən törətmədiyini vurğulayıb.
Azadlıq radiosu