
Ermənistan tələblərini təqdim etdiyini deyir
Ermənistan tərəf danışıqlarda öz tələblərini təqdim edib: bildirilib ki, Ermənistan Azərbaycan tərəfə öz ərazisindən bir metr də verməyəcək və onlardan çıxış mövqeyinə çəkilməyi tələb edib. Məlumatı “Azatutyun” radiosu Ermənistan Müdafiə Nazirliyinə istinadla yayıb.
Müdafiə Nazirliyinin mövqeyinə görə, hazırda azərbaycanlılar son günlər irəlilədikləri ərazidən çıxmaq üçün rəhbərlikdən göstəriş gözləyirlər.
Nazirlik danışıqların hansı formada keçirildiyini, kimlərin iştirak etdiyini açıqlamayıb.
“Azatutyun”un əldə etdiyi məlumata görə, Sünikin Xndzoresk kəndində danışıqlar altı saatdan çox çəkib. Danışıqlara Milli Təhlükəsizlik Xidmətinin, Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri, eləcə də yüksəkrütbəli Rusiya hərbçiləri qatılıb.
Rəsmi Bakı son günlər baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.
Putinlə Paşinyan danışıb
Mayın 13-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub. Kremlin məlumatına görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutmuş söhbətdə Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.
Ermənistan-Azərbaycan sərhədində son insidentlə əlaqədar Putin tərəflər arasında ötən il noyabrın 9-da və bu il yanvarın 11-də imzalanmış bəyanatların yerinə yetirilməsinin, atəşkıs rejiminə “sərt şəkildə əməl olunması”nın vacibliyini vurğulayıb. 9 noyabr bəyanatı atəşkəs, 11 yanvar bəyanatı isə regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur.
Rusiya tərəfi fəal vasitəçilik cəhdlərini davam etdirməyə, Yerevanla Bakı arasında regionda sabitliyin təminatını hədəfləyən sıx təmasları saxlamağa sadiqliyini qeyd edib.
Məlumatda deyilir ki, N.Paşinyan Rusiya prezidentinə minnətdarlıq bildirib, konstruktiv dialoq və ortaya çıxmış problemlərin yalnız dinc, siyasi-diplomatik vasitələrlə həllindən ötrü qarşılıqlı əməkdaşlıq tərəfdarı olduğunu deyib.
Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistik əlaqələrin bərpası məsələlərinə də toxunulub, – məlumatda deyilir.
Azadliq radiosu