AXCP sədri Əli Kərimli
Çox təəssüf. Rejim nəinki Tofiq Yaqublunun Gürcüstana gedib anasının dəfnində iştirakına imkan vermir, hətta Tofiq bəyin oğlu, Vətən müharibəsi iştirakçısı Rəhim Yaqublunun da nənəsinin dəfnində iştirakına imkan vermir. Rəhim bəyi də hava limanından geri qaytarıblar. Bəhanələri də hamısı uydurma və əsassız.
Hakimiyyətin Yaqublu ailəsinə etdiyi düşmənçilikdir. Siyasi rəqibə qarşı belə düşmənçilik hərəkətlərini bütövlükdə xalq qınamalıdır. Siyasətə qarışan da, qarışmayan da, iqtidarın əleyhdarı olan da, tərəfdarı olan da belə aşağılıq hərəkətləri birmənalı qınamalıdır.
İnkişafın, sivil, mədəni xalq olmanın yolu məhz ümummilli konsensuslardan keçir. Belə konsensuslardan biri məsələn, belə olmalıdır: siyasi rəqabət, lap elə hakimiyyət uğrunda mübarizə də qanun, ədəb və insanlıq çərçivəsində aparılmalıdır.
Rəsulzadə yurdunda cəngəllik qanunlarını tətbiq etməyə heç kimin haqqı yoxdur. Hüquq, ədəb, insanlıq qaydalarını tapdalayanlara qınağımız yekdil olmalıdır. Rejim anlamalıdır ki, hikkə, qisas hissi ilə atılan anti-insani addımlar onu nəinki gücləndirmir, tam əksinə, cəmiyyətdən təcrid edir, xalqla bağlarını tam olaraq qoparır.