Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu yaxınlarda “The Evening Standard” qəzetinin Cavadovlardan müsadirə edələn 4 milyon funt sterlinglə bağlı yazısı bəzi suallar doğurur. Söhbət London məhkəməsinin Azərbaycandan oğurlanan, gizli yolla çıxarılan böyük vəsaitlərdən gedir. Öz-özlüyündə məhkəmə ədalət orqanı olmalıdır. Amma London məhkəməsinin məlum qərarı oğurluq vəsaitləri oğru ilə bölüşmək təəssüratı yaradır. Əvvəla araşdırmanın subyekti olan 14 milyon funt streling vəsaitin Əliyevlərin məşhur pulyuyan maşınından gəldiyi üzə çıxıb və “gizli şəkildə”Birləşmiş Krallığa gətirildiyi təsdiq edilib. Hətta Cavadovların vəkili Ceyms Lyuis qeyd edib ki, onun müştəriləri dörd hesabdakı pulun pulyuyan maşından gəldiyini etiraf ediblər.
Bundan əlavə onun müştərilərinin Britaniya Milli Cinayət Agentliyinə təqdim edilmiş 500 milyon funt sterlinqlik qəbzlərin saxta çıxıb. Balıqqulağı əməliyyatı da öz yerində. Vəkil etiraf edib ki, pulun qanunsuz şəkildə Britaniyaya gətirilməsi və bu zaman onların mənşəyinin gizlədilməsi üçün balıqqulağı şirkətlərdən istifadə olunub. Amma vəkilin ikinci cümləsi daha maraqlıdır. Ceyms Lyuis deyib ki, onun müştəriləri heç bir qanunsuz iş görmədiklərini bildiriblər. Deməli bir tərəfdən mənbəyi bəlli olmayan böyük vəsaitlər Əliyevlərin pulyuyan marşrutu ilə gəldiyi etiraf edilir, digər tərəfdən həmin marşurutla belə böyük vəsaitləri gizli şəkildə ölkədən çıxaranlar isə heç bir qanunsuz iş görmədiklərini iddia edirlər. Görünən odur ki, məşhur pulyuyan maşın marşurutu ilə ölkədən korrupsiya və rüşvət pullarının gizli yolla çıxarılması qanuniləşdirib.
Keçmişdə qədim Çindən başlayıb Azərbaycan üzərindən Avropaya gedən “”İpək Yolu var idi. XXI əsrdə Əliyevlər Avropaya yeni yol çəkdilər, bu “Korrupsiya Yolu”dur. Bakıdan başlayıb Estonyadan keçib London və ətrafındakı ofşorlara qədər uzanır. Bəla burasındadır ki, yalnız Azərbaycanın korrupsioner hakimiyyəti deyil, Britaniya rəsmiləri, hətta ingilis məhkəməsi də bu yolu “qanuni” hesab edir. Məsələn, Azərbaycan Laundramarty vasitəsi Londondakı 4 ofşor şirkətə gizli yolla ötürülən 3 milyard (sonra bəlli oldu ki, 4 milyarddır) vəsaitlə bağlı Britaniya Milli Cinayət Agentliyi məlumat vermişdi ki, 2020-ci ilin yanvar ayınadək həmin 4 şirkətin kimlərə məxsus olması açıqlanacaq. Lakin üzərindən il yarım vaxt keçəsinə baxmayaraq hələ bir xəbər yoxdur!?
Amma və lakin qanun pozuntusu, böyük məbləğdə pulun Azərbaycandan gizli yolla çıxarılması, balıqqulağı əməliyyatı, ölkədən çıxarılan pulların mənbəyinin şübhəli olması haqqında faktlar ortada olduğu halda London məhkəməsi oğurluq puldan 4 milyon funt sterling öz dövlətinin xeyrinə müsadirə qərarı çıxardıqdan sonra qalan 10 milyon funtu “təmizə” çıxararaq prosesi “uğrula” başa çatıdır. Və bunun da adı olur ingilissayağı “ədalət mühakiməsi”!
Keçmişdə iki mübahisə edən Qazının yanına gəlir. Biri rüşvət olaraq qaz gətiri, biri də ağzına bir qızıl Nikolay beşliyi qoyaraq hərdəm Qazıya gülümsəyir. Qazı qızılı görçək o birisinə deyir ki, nə qaz boğazı kimi boğazını uzadırsan, görmürsən kişi ağzında qızıl kimi söz danışır”. İndi London Qazısının oğurluq vəsaitdən 4 milyon funt Birləşmiş Krallıq hökuməti nəfinə müsadirə etməklə işə xitam verməsi bu əhvalatı yadıma saldı.
P.S. Daha qəribəsi odur ki, bu qədər vəsaitin ölkədən qanunsuz yolla çıxarılması haqqında faktlar ortada olduğu halda nə korrupsiyaya qarşı bütün cəbhə boyu “hücuma” keçən İlham Əliyevdən, nə Azərbaycanın hüquq mühafizə orqanlarından, nə də bir birindən “sayıq” olan korrupsiyaya qarşı mübarizə komitə və komissiyalarından bir səs çıxmır.