Ictimai fəal Bəxtiyar Hacıyev
Horadizə getmək səbəbim mənə qarşı illərdir ard-arda çox ləyaqətsiz şəkildə qaralama kampaniyası aparan birini xüsusi ittiham qaydasında məhkəməyə verməyim idi.
Məhkəmə faktları araşdırıb, icraata götürmək üçün kifayət qədər əsaslı faktlar olduğu qənaətinə gəlmişdi. Məhkəmə iclasına qarşı tərəf gəlməmişdi, bildirmişdi ki, onu Baş Prokurorluğa çağırıblar.
Dünən axşam məlumat yayıldı ki, Binəqədi Rayon Məhkəməsi onunla və bir neçə başqa şəxslə bağlı dələduzluq, saxta sənəd hazırlamaq və digər maddələrdə təqsirli bilinərək həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Onlar Almaniyaya əsassız olaraq, siyasi fəaliyyəti olmayan adamları siyasi mühacir adı ilə göndərməkdə təqsirləndiriliblər. Almaniyadan Azərbaycana deport olunanlar üzləşmə zamanı saxta sənədlərlə Avropaya göndərildiklərini deyiblər.
Bu gün isə həbs xəbəri təsdiqləndi.
2020 seçkilərində tərəf olmadığı halda dayanmadan mənim ünvanıma öz təxəyyülünə uyğun şər, böhtanlarını davam etdirmişdi. Reaksiya vermədim, sıfır reaksiya. Bilirdim ki, bundan öncəki cinayət işində kimlərsə xahiş edib, şərti azadlığa buraxıblar, ancaq şikayətlər dayanmır deyə özünü qorumağa adam axtarır, məni də buna görə hədəf seçmişdi ki, bəlkə yuxarıdan məni sevməyən kimlərsə onu qoruyar.
Məhkəmələrimizdə ədalət həmişə olmasa da, İlahi ədalət həmişə var. Başqalarına qarşı ən ləyaqətsiz yollarla şər-böhtan kampaniyaları təşkil edənlərin əsl üzləri əvvəl-axır üzə çıxır və həm qanun qarşısında, həm cəmiyyət qarşısında əməllərinə görə cavab verirlər.