İctimai fəal Bəxtiyar Hacıyev
❗ Yazar Aysel Əlizadə sabiq əri hacılının həbsini uğursuz şəkildə mənimlə əlaqələndirməyə çalışıb. Guya, mən və hökumət birləşib ərini həbs etdirmişikmiş. Ərindən keçmə xislətlə onu cinayətlərindən yaxa qurtarmaq üçün belə cəhd edib. Bunu niyə etdiyini bir az sonra ətraflı yazacam. Hələlik isə Əlizadənin sabiq ərinin həbs tarixçəsinə göz atmaq kifayətdir.
- 2017-ci ildə ABŞ səfirliyindən vətəndaşlara viza almaq üçün saxta sənədlər hazırlamaqda ittiham olunub, 3 il şərti cəza alıb.
- 2018 iyununda şərti cəza altında olmasına baxmayaraq, dövlət sərhədini qanunsuz keçərək Gürcüstana qaçmaq istəyərkən həbs edilib. Ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
- 9 ay həbsdə qalandan sonra şərti azadlıqda olan sabiq ər dəfələrlə hüquq-mühafizə orqanlarına çağrılıb, vətəndaşlardan aldığı 250 000 manatı qaytarmaq üçün ona xeyli vaxt verilib.
- nəhayət, bir neçə gün əvvəl Almaniyadan Azərbaycana deport olunanların ifadələri əsasında həbs edilib, Əlizadənin yazdığına görə 13 maddə ilə “şərlənib”. Bu 13 maddə arasında saxta sənəd hazırlamaq, dələduzluq və s. var.
İndi yazar Əlizadə iddia edir ki, Bəxtiyar Hacıyev də iyun ayında onu məhkəməyə vermişdi, iyulda əri həbs edilibsə, bu böyük bir oyundur, əri şərlənib, mason lojalarının gizli planıdır və s. və ilaxır.
2017-də, 2018-də, 2019-da da Bəxtiyarın məhkəməyə şikayəti yox idi ki? Sabiq ər o zaman da dələduzluqda ittiham edilib, həbsdə yatmışdı və onlarla dələduzluq qurbanı sosial şəbəkələrdə onlara pul atdığı barədə yazıblar. Müxtəlif səfirliklər də onun dələduzluğunu təsdiqləyiblər.
Keçək mənimlə olan məhkəməyə. 2013-cü ildə mən ABŞ-da səfərdə olanda və Harvard professorlarım, ABŞ senatorları və Ağ Ev rəsmiləri ilə yüksək səviyyəli görüşlərdə olanda Əlizadənin əri haqqımda ən iyrənc iddialarla kampaniyaya başladı. O zaman Əlizadənin ərinə bircə SMS göndərib, onun nə qədər ləyaqətsiz insan olduğunu deyib, bağladım. İllərdir haqqımda ağzına gələni, öz xəstə fantaziyalarına uyğun uydurduğu böhtanlarına susdum, KİV zəng edib reaksiya istəyəndə “mən elə adamlara reaksiya vermirəm” dedim və keçdim.
2020-ci ilin əvvəlində Milli Məclisə seçkilərdə namizəd oldum. 125 dairə üzrə 3000-dən çox namizəd vardı, 29-cu dairədə isə 20 namizəd. 20 namizəddən tək rəqib kimi gördüyüm Arpadarai idi, onunla rəqabət apardığım müddətdə, bizim dairə ilə heç bir əlaqəsi olmayan Əlizadənin əri dayanmadan ard-arda canlı yayımlar açdı, məni pisləməyə, aşağılamağa başladı, köhnə və yeni uydurma böhtanlarını təkrarladı, camaat da ağzının üstündən vurdu ki, sənə nə olub, niyə özünə əl qatmısan? Yenə reaksiya vermədim.
2020 fevralında da, ortalarında da, sentyabrda da bu əməllərini təkrarladı. Bununla özünün şərti cəza altında olduğunu bilərək, yenidən həbsə getməməsi üçün hökumətdən yeni dəstəkçi tapmaq istəyirdi. Məni tənqid etməklə məni sevməyən məmurların ona sahib çıxacağını və həbsdən xilas edəcəyini düşünürdü.
2020 sentyabrında hakim Yeni Azərbaycan Partiyası Əlizadənin ərinin böhtanlarını öz rəsmi səhifəsində yayımladı. O zaman mən həm sabiq əri, həm də YAP-ı, o cümlədən Əli Əhmədovu məhkəməyə verdim. Əlizadənin ərinin qeydiyyat ünvanı başqa olduğuna görə məhkəmə işi icraata götürmədi, YAP isə dedi ki, o deyib, biz də yazmışıq.
Sonra müharibə başladı, məhkəmə iclaslarının bəziləri müharibə günlərinə düşdü. Bizim başımız gecə-gündüz cəbhə bölgəsinə, ordumuza yardıma qarışmışdı, belə vaxtda bu cılız tərəflərə vaxt sərf etmək istəmədiyimdən hər iki iş qaldı.
2021 iyununda YAP trolları Əlizadənin ərinin böhtanlarını təkrarlayanda bu dəfə yenə eyni gündə həm YAP-ı, həm də sabiq əri məhkəməyə verdim. İlk hazırlıq iclası 1 iyulda oldu, ilk baxış da 8 iyulda. 8 iyul iclasında qarşı tərəf gəlməmişdi, məhkəmədən onunla əlaqə saxlayanda bildirdi ki, Baş Prokurorluğa çağrılıb, xahiş etdi ki, növbəti iclası 15 iyula salsınlar. O zamana qədər nə mən, nə başqası, nə hakim və katib bilmirdi ki, Almaniyadan yenicə deport olunmuş şəxslər ona qarşı ifadə veriblər və 2 gün sonra həbs olunacaq.
Göründüyü kimi yazar Əlizadənin ərinin nə əvvəlki həbslərinin, nə indiki həbsinin mənimlə əlaqəsi yoxdur, onun barəsində isə keçən ildən məhkəməyə müraciət etmişəm. İstəyən olsa, sübutları da təqdim edərəm, elektron məhkəmə portalından da baxa bilərlər.
Yazar Əlizadə bu postunu yazmaqla ərinin cinayət əməllərinə görə həbs edilməsinə siyasi don geyindirmək, ondan geydirmə siyasi məhbus düzəltməyə çalışır. Əri kimi özü də xəstə təxəyyülünü və çirkin xislətini işə salaraq məni “MTN ilə birləşərək ərimi həbs etdirməyə çalışır” ittihamı edir. Halbuki, mətbuatda yayılan MTN-Mahmudov agentləri siyahısında mənim adım yoxdur, amma orada onlara aid ad var.
Eyni zamanda hazırda həm DİN, həm DTX, həm YAP-a qarşı məhkəmələrdə iddialar qaldırmışam və ard-arda onlarla məhkəmə çəkişməsindəyəm. Ərinin böhtanlarından mənə qarşı isə YAP istifadə edir, mənim hansısa müraciətimdən onlara qarşı istifadə edən olmayıb.
Əlizadə ərinin həbsinə görə məni hədəf seçərək hökumətdə məndən zəhləsi gedən adamlardan özünə və ərinə yeni dayaq axtarırsa, Allah xeyirli eləsin. Əvvəlki həbsdə hökumətdən kimdən xahiş etdiyini və kimin onlara kömək etdiyini də yaxşı bilirəm.
Yazar Əlizadəyə məsləhət görərdim ki, ərinin cinayət əməllərinə siyasi don geyindirmək cəhdi əvəzinə onun hüquqi müdafiəsini qursun, vəkillər tapsın, dələduzluq qurbanı etdikləri adamlardan alıb, yedikləri pulları geri qaytarılsın. Ondan siyasi məhbus düzəltmək cəhdi alınmayacaq, əsl siyasi məhbuslara, hətta gecə-gündüz açıq mübarizə aparan cəbhəçilərə və dindarlara belə 13 maddə ilə “şər” atılmır. Ərinin nə siyasi fəaliyyəti vardı ki, 13 maddə ilə “şərlənib”?
Mənə atdığı ləyaqətsiz böhtanlara və 8 illik ardıcıl qara-PR kampaniyasına görə isə növbəti məhkəmədə cavab verəcək.
Bu mövzuda yazacağım son post olduğuna ümid edirəm. Bundan sonrakı məsələlər məhkəmədə müzakirə olunacaq, sosial şəbəkələrdə yox.