Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
İlham Əliyev Tofiq Yaqubluya anasını dəfn etməyə imkan vermədi.
“İcazə vermədi” sözünü işlətmirəm. O kimdir ki, Tofiq Yaqubluya, ya bir başqasına nəyisə etməyə icazə versin, ya verməsin. Məhz imkan vermədi. Qəsb etdiyi hakimiyyətin məhv etdiyi hüquq rıçaqlarından istifadə edərək buraxmadı Tofiq bəyi ölkədən.
Bu xırda, sabah unudulacaq məsələ deyil. Bir ananı son mənzilə övlad çiynində getməkdən məhrum etmək bir insanın öz anasına münasibətinin doğurduğu nəticədir.
Bir oğulun anasını son mənzilə yola salmaq imkanının qarşısında tir olmaqdan həzz almaq prezidentlik görəvi deyil. Ona görə o gürəv sənə verilmir, qəsb etməyə məcbur olursan. Bir ölkəni talamaq üçün qəsb edirsən. Bir dövləti dağıtmaq, bir xalqı parçalamaq, bir milləti tarixindən, adətlərindən, kökündən qoparmaq üçün qəsb edirsən. Və əlinə balaca imkanlar düşən kimi əqrəb kimi sancmaqdan həzz almaq üçün qəsb edirsən. Biz bunu Gözəl Bayramlının dəfnində gördük, İbrahim İbrahimlinin yasında gördük, indi də belə. Bizim türk millətinin mentalitetində belə şeylər yoxdur, düşmən düşmənə öz namusunu etibar edib.
Nə oldu İlham Əliyev, dəfn olunmadımı Hürimələk xanım? Öz milləti üçün Tofiq Yaqublu kimi bir oğul böyütmüş ana o dünyasını qazanmış bir anadır və onun tabutunu daşıyan hər bir çiyin elə Tofiq bəyin çiynidir. Bu gün olmasın sabah Tofiq bəy anasının məzarını ziyarət də edəcək, vida sözlərini də deyəcək. Düşmənçilik, o boyda prezident kürsüsündə oturub bu boyda kiçiklik sənə qalacaq.
Allah Hürimələk anaya rəhmət eləsin.