Milli Şuranın sədri, professor Cəmil Həsənli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun məhkəmə prosesində şahidlərin dindirilməsi başa çatıb. Əslində olmayan işə nə şahidlik. İyulun 16-da növbəti məhkəmə araşdırması davam edəcək və sənədlərin tədqiqi məsələlərinə baxılacaq. Niyaməddin Əhmədovu ötən ilin aprel ayının 16-da saxta bir ittihamla – karantin qaydalarını pozma və polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə saxlayıblar. Həmin vaxt İlham Əliyev pandemiyadan müxalifətə qarşı istifadə “doktrinasını” irəli sürmüşdü və COVİD-19 dalğasında öz əleyhdarlarını “təmizləməyə” qərar vermişdi. Niyaməddin Əhmədovda həmin dalğada şərlənərək tutulub 30 sutka cəza almışdı.
Ümumiyyətlə, nədənsə karantin qaydalarını pozanlar, polisin qanuni tələblərinə tabe olmayanlar, narkotika dövrüyyəsi ilə məşğul olanların sən demə əksəriiyəti Əli Kərimlinin ətrafına toplanıbmış. AXCP-nin Nizami rayon şöbəsinin sədri, ictimai əsaslarla partiya sədrinə kömək edən Paşa Umudov “narkobaron” kimi tutuldu. Amma bəzən bu “narkobaron” evinə iki çörək almaq qədər ehtiyac içində yaşayırdı. Partiya sədrinin ayrı bir köməkçisi Faiq Əmirli Gülən camaatının “İmam xətibi” kimi illərlə həbsdə yatdı. Əli Kərimlinin digər bir köməkçisi Ruslan Əmirov inzibatı həbslərin sayına görə rekord vurub. Partiyanın gənclər təşkilatının rəhbəri, iki körpə uşaq atası Aqil Əli Məhərrəm 4 ilə yaxındır saxta bir ittihamla həbs həyatı yaşayır. Cəbhənin Salyan rayon təşkilatının öncüllərindən olan Əlzamin Salayev yaşadığı ərazidə vətəndaşın haqların qoruma cəhdlərinə görə şərlənərək həbs edolib. Keçmiş cəbhə üzvü, müharibə iştirakçısı Saleh Rüstəmov isə siyasi məhbus ailələrinə öz qazancından 5 il ərzində göstərdiyi 5-6 min manat yardıma görə 7 il cəza alıb. Cəbhənin rəhbərliyində təmsil olunan Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov və digərlərinin “Reyxstaqın yandırılmasına” (oxu Milli Məclisi tutmağa görə) görə ayaqlarına vurulan “çidar” müəmmalı düyünü yeni açılıb. Əlbəttə, şərlənərək siyasi mənsubiyyətinə görə həbs edilən cəbhəçilərin siyahısını uzatmaq da olar. Amma bu kiçik yazı böyük iradə və mənəviyyat sahibi olan Niyaməddin Əhmədov haqqındadır.
Ötən bir il 4 ay ərzində Niyaməddin bəyin müsibəti insanı sarsıdır. Sən demə ötən ilin aprelində saxta yolla həyata keçirilən bir aylıq inzibatı həbs bir bəhanə imiş. Hələ inzibatı həbs müddətində Niyaməddin Əhmədovun başına torba keçirib harasa aparıb təhqir edmişdilər, vəhşicəsinə işgəncə vermişdilər. Ondan tələb olunmuşdu ki, Əli Kərimlidən pul aldığı, daha sonra isə xaricdən pul alıb Əli Kərimliyə çatdırmağı barədə ifadə versin. İnzibatı həbs müddətinin başa çatmasına bir neçə gün qalmış onun haqqında cinayət işi açıldı. Bu cinayət işi XIX əsrdə baş vermiş “Mürafiə vəkilləri”nin hekayətindən daha gülməli idi. Sən demə Niyaməddin Əhmədov xaricə mühacirət etmiş həmyerlisi Qabil Məmmədovdan pul alıb ölkədə gizli şəkildə hazırlanan “dövlət çevrilişini” maliyyələşdirirmiş. Bəs bu pulları kim göndərirmiş? Xaricdə sosial yardım hesabına yaşayan tənqidçi blogger Qabil Məmmədov. Görünür bizim dövlət o qədər kövrəkdir ki, onu sosial yardım paketi ilə də “devirmək” olar. Həmin məntiqlə cəbhəçilər düz bir il bundan əvvəl Azərbaycanın “Peyxstaqı işi” olacaq Milli Məclisi də “ələ keçirmişdilər”
Bu ittihamı etiraf etdirmək üçün Niyaməddin Əhmədova amansız işgəncələr verildi. O, İlham Əliyevin işgəncə laboratoriyasından keçirildi. Döyülməkdən böyrəklərindən qan damdı. “Qatı” cinayətkar kimi ailəsi və vəkili ilə görüşə, telefon danışığına imkan verilmədi. Təsəvvür edirsinizmi Niyaməddin Əhmədova ailə üzvləri ilə bu günə qədər də telefon danışığına icazə verilməyib. Məhkəmə prosesində Niyaməddin bəy israrla soruşur ki, müstəntiq, prokuror, hakim və bu işə dəxaləti olan kimsə ittihamın mahiyyəti ona izah etsin, onu nəyə görə həbs etdiklərin izah etsin. Çünki həm istintaq dövründə, həm məhkəmə prosesində Niyaməddin bəy dəfələrlə deyib ki, nədə günahlandırıldığın bilmir. Əslində, Niyaməddin bəyə qarşı bu qəddarlıq, bu amansızlıq aşağıdakı şəkildə gördüyünüz kimi ən ağır məqamda Əli Kərimlinin yanında olması ilə bağlıdır. Elə bu şəkil Tofiq Yaqublunun başına gələnlərin və bu indiki ağır məqamda anasının vida mərasimində iştirakına qoyulan qadağanın vizual izahıdır.
Nədənsə məhkəmə bu işdə dövlət çevrilişdində “maliyyələşdirici” tərəf kimi təqdim edilən Qabil Məmmədovun ən azından virtual imkanlar daxilində ifadəsini dinləməkdə maraqlı görsənmir. Niyaməddin bəyin vəkili Zibeydə xanım Sadıqova qeyd edir ki, məhkəmə prosesində “mən dörd vəsatət vermişəm. Birinci vəsatət bizim işimizdə əsas adı çəkilən Qabil Məmmədov və onun həyat yoldaşının Skype ilə məhkəmədə dindirilməsinin təşkil edilməsi idi. Xahiş eləmişdim həmin vəsatət təmin olunsun. Çünki Niyaməddin Əhmədov əsasən onlarla birlikdə günahlandırılır. İkinci vəsatət Niyaməddin Əhmədov inzibati həbs olunanlarla saxlanıldıqda orada xeyli qanun pozuntusunun olması ilə bağlıdır. O vaxt həmin idarəyə müraciət eləmişdim ki, sənədləri, videogörüntüləri təqdim eləsinlər. Lakin onlar bundan imtina etmişdilər. Onlar dedilər ki, İstintaq İdarəsindən istəyin. Ona görə də mən məhkəməyə müraciət elədim ki, məhkəmə sorğusu ilə həmin sənədləri tələb etsin. Mən sübut edə bilim ki, Niyaməddin Əhmədova qarşı doğrudan da qanunsuzluğa yol verilib. Digər vəsatətim o idi ki, bizim iş materiallarında Niyaməddin Əhmədovla bağlı Ədliyyə Nazirliyinin məktubu var. Məktubda yalnız çıxarış əlavə olunub. Lakin məktubun özü və ona aid sənədlər iş materillarında yoxdur. Məhkəmədən xahiş etmişdim ki, həmin sənədləri Ədliyyə Nazirliyindən istəsin. Çünki onlar mənə məktubun mətnini verməkdən imtina etmişdilər. Digər bir vəsatət də o idi ki, ittihamın mahiyyəti Niyaməddin Əhmədova izah edilsin. Yəni, onun heç bir günahı yoxdur, amma onu ağır maddələrlə ittham edirlər. Əsas da vəsatətimiz ondan ibarət idi ki, Niyaməddin Əhmədova izah edilsin ki, o nədə günahlandırılır”.
Diqqət etdinizmi ortada sübut yoxdur. Nə müstəntiq, nə dövlət itthamçısı, nə də dövlət adına “ədalət” təmsilçisi olan hakim nəinki bu sübtları ortaya qoymaq istəmir, ona heç ehtiyac da duymur. Çünki İlham Əliyevin “hüquqi dövlətində” adamı sənəd-sübutla tutmurlar, siyasi mənsubiyyətinə görə tuturlar. Niyaməddinin işi də belədir. O, İlham Əliyev tərəfindən əsas rəqibi olan Əli Kərimlinin yaxın ətrafının “təmizlənməsi” əməliyyatının günahsız bir qurbanıdır. Göz görəsi bu istedalı, ləyaqətli, tərbiyəli, bir vaxtlar çiynində silah vətənin müdafiəsində iştirak etmiş gəncin həyatı ilə, taleyi ilə oynayırlar. Əli Kərimliyə olan dümənçilik bunların gözünü elə bağlayıb ki, törətmədiyi əmələ görə insanları gözü bağlı məhv etməyə hazırdılar. Siyasi mənsubiyyətinə və şəxsi düşmənçilik “meyarlarına” görə insan talelərinin məhv edilməsi İlham Əliyevin ölkədə bərqərar etdiyi “hüquqi dövlətin” əsas atributudur.