Milli Şuranın sədri, professor Cəmil Həsənli
Kəramət Böyükçölü məcburi qaydada, polis gücünə narkoloji (psixotriya) xəstəxanasına yerləşdiriblər. Sovet dövründə antisovet yazıçı və alimləri həmin xəstəxanalara yerləşdirirdilər. Sovet hökuməti öz tənqidçilərini psixoloji baxımdan natamam, xəstə kimi göstərmək üçün belə qeyri-insani üsullara əl atırdı. Sovetlər dağılandan sonra məlum oldu ki, sən demə Sovet cəmiyyətində ən sağlam adamlar elə rejimin məcburi qaydada narkoloji-psixotriya xəstəxanalarına yerləşdirdikləri adamlardır. Kəramət də indiki xəstə cəmiyyətin sağlam adamlarından biridir.
Vaxtı ilə çox adamlar Heydər Əliyevin rəsmi təqdimatları ilə belə “müalicəxanalara” göndərilmişdi. Hətta onlardan birini elə “sağaltdılar” ki, hazırda YAP-ın üzvüdür. İndi isə Kəramətin simasında belə yaradıcı adamlar İlham Əliyevin göstərişi ilə dədədənqalma “müalicəxanalara” göndərilir. Gənc bir yazıçını tənqidi fikirlərinə görə məcburi qaydada belə yerlərə göndərmək ciddi qanun pozutusudur, qanundan əlavə mənəvi pozğunluqdur.
Azərbaycan qanunlarına və ölkənin qoşulduğu beynəlxalq öhdəliklərə görə bunu etmək olmazdı. Amma etdilər. Çünki sözə dözümləri yoxdur. Çünki dəlixanaya döndərdikləri məmləkətdə başlarına bundan “ağıllı” bir şey gələ bilməzdi. Axı, çoxlarından fərqli olaraq Kəramət vicdanını yox, kitablarını satmaqla dolanırdı. Kitab əhli olmayan vicdan alverçiləri onu məcburi “müalicəyə” göndərdilər.
Kəramətin maraqlı əsərləri var. Amma əsərlərindən maraqlı həyat həqiqəti onun övladlarına olan sonsuz sevgisidir. Çoxlarına “Çöl” kimi görünən əslində Kəramətin içidir, yazıya köçürülmüş iç dünyasıdır. Maraqlı hekayələri var Kəramətin və o hekəyələrdə həyat həqiqətləri, ədəbi müşahidələr duyulmaqdadır. Sıradan olmayan “Səkkiizinci gün” bunun aydın təzahürüdür. “Məni kim tapa bilər?” onun sonuncu kitablarından biridir, indi oxucularını gözləyən “Əlqəmə” də, onu axtaran hər kəs də Kəraməti Əliyevin “dədə evindən” – narko-psixotriya xəstəxanasından tapa bilər. Nə qədər ki, o özünü itirməyib, onu tapmaq lazımdır.