Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəxtiyar Yusubovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə Şəhər İdarəsində 40 dəqiqə olduğu bildirilir. B.Yusubovun özünün deməsinə görə, bu müddət ərazində onunla söhbət aparılıb. Amma o, söhbətin detallarını açıqlamaq istəməyib.
Məsələyə DTX-dan, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.
+++
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəxtiyar Yusubovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə Şəhər İdarəsinə çağırıldığı bildirilir.
Bu barədə oktyabrın 5-də B.Yusubov özü də danışıb. Onun sözlərinə görə, bir neçə gün əvvəl həbsdə olan AXCP üzvü Niyaməddin Əhmədovun şəklini əlində tutub DTX Gəncə Şəhər İdarəsinin qarşısında şəkil çəkdirib: “Elə mənə zəng vurub çağıran şəxs çağırılmağımın səbəbini bununla izah etdi. Dedi ki, şəkil çəkdirmisən, gəlməlisən. Şəhərin müxtəlif yerlərində – icra hakimiyyətinin, prokurorluğunun, Xan Bağının qarşısında da siyasi məhbusların şəkilləri ilə şəkil çəkdirdiyimi desəm də, yenə dedilər “gəl””.
O, hazırda idarəyə getdiyini bildirib.
Bu deyilənlərə, hələlik, DTX-dan münasibət öyrənmək mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Azadlıq radiosu