Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı (1992-1993) Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bu barədə onun yaxınları məlumat verib. Onların bildirməsinə görə, o, artıq üç gündür ki, aclıq aksiya keçirir. Yaxınlarının vurğulamasına görə, o, aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib: “Bildirdi ki, bütün hüquqi qapılar onun üçün bağlanıb…”.
Onun vəkili Bəhruz Bayramov isə bildirib ki, bu gün, noyabrın 8-də S.Rüstəmovla müalicə müəssisəsində görüşüb: “Aclıq aksiyasını davam etdirir. Elə məhz buna görə onu cəzaçəkmə müəssisəsindən bura köçürüblər. Mənim dəfələrlə xahiş etməyimə baxmayaraq, aclığı qətiyyən dayandırmayacağını, qərarında israrlı olduğunu deyib”.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb.
Azadlıq radiosu