AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Dünən Bakıda müşahidə etdiyimiz mənzərə qürurverici idi. Heç bir təşkilatçılıq, göstəriş olmadan insanlar Şəhidlər Xiyabanına axın edirdilər. 1 il öncə 10 minlərlə insan Qarabağa azadlıq tələbi ilə Parlament qarşısına çıxaran, sonra da döyüş meydanında qalibiyyətə götürən hiss, duyğu dünən yenə ayaqdaydı. Bu dəfə də, insanlar kütləvi şəkildə öz Şəhidlərini yad edirdilər.
Bu elə bir dərinlikdə yerləşən hissdir ki, onu məhv etməyə bu rejimin gücü çatmayıb, imkanı olmayıb. Müharibədə qazi, Şəhid olanların mütləq əksəriyyəti bu xalqın sadə, kasıb təbəqəsinin övladları idi. Bu ölkədə elə ən çox istismar olunan, işsiz qalan, kasıb həyat sürən, çoxsaylı sosial problemlərdən əziyyət çəkən, dövlət orqanlarının ədalətsiz rəftarı ilə üzləşən bu təbəqənin insanları deyilmi? Uzun illər ərzində bu rejim yaşadığı ölkədə çətinliklər içində boğulan, ədalətsizlikdən təngə gələn insanlarda vətənpərvərlik duyğularını nəinki inkişaf etdirməyib, əksinə, bu cür hallar Vətən sevgisini məhv etməyə, adamları öz ölkəsindən bezdirməyə yönəlib. Kim durub bunun əksini idda edə bilər? Dövlət səviyyəsində korrupsiya, talançılıq, insan haqlarının tapdalanması, qiymət artımı, yaltaqlıq, sosial ədalətsizlzik, məmur özbaşınalığı, hüquqsuzluq baş alıb gedirsə, milli dövlətçilik irsi yerinə bir ailə hakimiyyəti təbliğ edilirsə, bu şərəraitdə insanlarda vətənpərvərlik duyğuları necə bəslənə bilər? Bunu kimsə sübut edə bilərmi? Bu əks seleksiya şəraitində, əgər insanlar öz Vətənləri üçün döyşüblərssə, canını, malını fəda ediblərsə, demək ki, bu Azərbaycan xalqının bu hakimiyyətin məhv edə bilmədiyi, məhv etmək üçün əlinin çatmadığı dərinlikdə yerləşən bir duyğusudur, təhtəlşüuri bir özəlliyidir. Bu bir il ərzində qazilərin, Şəhid ailələrinin problemlərinə laqeyid münasibətdən sonra insanlar yenə də kütləvi şəkildə öz qəhrəmanlarını yad etmək üçün Şəhidlər Xiyabanına axın edirlərsə, bu artıq bir milli xüsusiyyətdir, xalqın özünəməxsus özəlliyidir.
Əksinə, bu hakimiyyətin minlərlə məmurunun ailəsindən, yaxın çevrəsindən bir nəfər də olsun müharibəyə getmədisə, bu, artıq hakimiyyətin özünün antimilli mahiyyətini, xalqın müqəddəs duyğu və hisslərindən nə qədər uzaq olduğunu göstərməkdədir.
Ötən uzun illər ərzində bu Vətən sevgisindən hamımız xəbərsiz olmuşuq, milli məğlubiyyətlə barışdığımızı zənn etmişik. Ancaq 44 günlük müharibə yanıldığımızı göstərdi. Ona görə də, bu xalqın zülmlə, ədalətsizliklə barışıb təslim olduğunu güman edənlər bir gün elə bir etiraz vulkanı ilə qarşılaşa bilərlər ki, ondan sonra yanıldıqlarını bilsələr də faydası olmaz.