Hüquq müdafiəçisi Rüfət Səfərli
Baş prokuror Kamran Əliyev sələfi Zakir Qaralovdan fərqli olaraq savadlı adamdır, təcrübəli istintaqçıdır, mütaliə mədəniyyəti yüksəkdir, bir neçə xarici dildə özünü sərbəst ifadə edəndir. Amma mütidir, “hüquqi yazıqdır”, iradəsi öz əlində deyil, səlahiyyətlərindən yararlana bilmir, acızdir, olduqca qorxaqdır, köməkçi Fuad Ələsgərovun təlimatlarını dinməz-söyləməz yerinə yetirəndir, əmrə müntəzirdir, kimliyinin qayğısına qalmır, şövqlə şərait yaradır ki, iyerarxiyada özündən aşağı pillədəkilər, müqayisədə qanuni imkan və səlahiyyətləri zəif olanlar, misalçün, Əli Nağıyev, Vilayət Eyvazov onun şəxsiyyətinin hüquqi-psixoloji strukturuna müdaxilə etsinlər. Xülasə, statusuna, tutduğu yüksək vəzifəyə qəti hörmətlə yanaşmır, təbii olaraq daha da hörmətsiz görünür.
Niyə belə yazıram?
Demək, bütün dünyanın gözləri önündə tanınmış siyasi xadim Tofiq Yaqublu bir neçə polis tərəfindən zorakılıqla saxlanılır, zərbələrin müşayiətilə avtomobilə aparılır, bölmədə döyülür, daha sonra başına torba keçirilir, işgəncələr altında şəhərdən 70-80 km kənarda yerləşən çöllük əraziyə aparılır, üz nahiyəsi tam tanınmaz hala gətirilir, belə durumda fotosu çəkilir, hökumətin zirvəsinə göstərilir, amma Baş prokuror kimi bu Kamran Əliyev fakta görə formal da olsa, cinayət işi başlamağa cürət etmir, məsuliyyət daşımalı olan aşkar şəxslərin dairəsinin müəyyənləşdirilib, barələrində qətimkan tədbirinin seçilməsi qalsın bir yana.
Kamran Əliyev, yəqin məlumatınız var: cinayətkar dəstəniz Tofiq Yaqubluya ağır xəsarətlər yetirdikdən sonra “humanistlik” göstərib, içində yarımçıq su olan “butulka”nı ona uzadıblar. Tofiq bəy də suyu içib, boş “butulka”nı isə cibinə qoyub. Şərəfsiz gədələriniz bəyin bu davranışına xeyli gülüblər, “Onu niyə cibinə qoydun? At o tərəfə də.” deyiblər. Yaqublu da “Yeri zibilləmək olmaz!” nidasını soxub sizin rütbəli heyvərələrin gözünə. Kamran Əliyev, həmin hadisədən artıq bir ay keçdiyini, sizin növbəti “hüquqi köləliyinizi” nəzərə alıb, ifadə edirəm: o boş “butulka” zamanla sizin boş prokurorluğun boş başına dəyəcək. Səbirli olaq.