Hüquq müdafiəçisi Rüfət Səfərov
İşlər çox çətindir. Bu diyarda mübarizə aparmaq olduqca ağırdır. Azadlıqlar uğrunda savaşırsansa, bəri başdan ən ağlasığmaz məhrumiyyətlərə düçar olacağını nəzərə almalısan, məşəqqət və möhnətləri-işsizliyi, pulsuzluğu, həbsi, işgəncəni, hətta ölümü belə göz altına almalısan. Bu hökumət son dərəcə rəhmsizdir, amansızdır, mərhəmətsizdir, zalımdır, həqiqətpərəstələrə nifrət edir, çünki bütün mövcudiyyəti yalan üzərində bərqərar olub. Nazirlər, komitə sədrləri, deputatlar, hakimlər, prokurorlar, rəislər yalançıdır. Çünki başda dayanan İlham Əliyev yalançıdır, qətiyyən haqqa, həqiqətə, ədalətə söykənmir: özü, ətrafı, sistemi illərdir ki, yalan sözlərin, yalan danışıqların, yalan rəqəmlərin, yalan səslərin hesabına qanuna zidd idarəçiliyini davam etdirir. Çoxluq bu yalanlara susur, çünki qorxur, ehtiyat edir ki, əlində olanı itirər, döyülər, söyülər, tutular, həbs edilər. Ona görə də əksəriyyət irili-xırdalı yalanların önündə ağzına su alıb, oturub yerində, Araz aşığındandır, Kür topuğundan.
Susmayanlar da var!
Şahin Hacıyev kimi!
Kimdir o?
Kasıb və tənha yaşayan cəbhəçi. Evin əşyalarını, xalçaları, soyuducunu satıb, ərzaq və ərzaq məhsulları alan müxalifətçi…
Onunla ortaq dostların hesabına tanış olmuşduq. Yayın cırhacırında Gəncəyə yolumuz düşmüşdü. Evinə dəvət etdi. Çörək kəsdik. Səmimi, emosional, sadəlövh, genişürəkli insandır. Tez-tez deyirdik: “Dost, sərt tənqid elə, amma aşağılama. Bəyənmə, amma təhqir də etmə. Olmaz. Həbsə çalışma.” Sakit surətdə “yaxşı” deyirdi, bir müddət keçirdi, yenidən coşurdu, dövlətin zirvəsi barədə heç yerinə düşməyən ifadələr işlədirdi…
Bəli, gözlənildiyi kimi də oldu, saxta əsas, qurama motivlərlə həbs edildi, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirildi, narkobaron çıxarıldı.
Əvvəlcə polislər evinə basqın etdilər. Cibinə, mənzilinə narkotik maddə yerləşdirdilər. Döyüldü, işgəncəyə məruz qoyuldu, ağır əzabların altında məcbur qalıb, saxta izahat və ifadələrə imza atdı və Gəncə şəhərindəki 2 saylı istintaq təcridxanasına etap edildi.
Vəkil ilə müqavilə bağlanıldı ki, keyfiyyətli hüquqi yardım göstərilsin. Amma müdafiəçini işə buraxmırlar, təcridxanada görüşə imkan vermirlər, çünki müstəntiq Şahəddin Məmmədov, prokuror Azad Qarayev “hüquqi qul” funksiyasnının daşıyıcısıdırlar. Hansısa “paykavoy” vəkil təyin ediblər, ağıllarına və ağızlarına gələni yazıblar qərar və protokollara. Məhkəmə baxışına göndərməyə tələsirlər.
İş burasındadır ki, Şahin bəyin yanına sovqat və bağlama da buraxmırlar. Deyirlər ki, yalnız qohumların gətirdikləri qəbul oluna bilər. Amma ailə-uşağını dustağın pulu ilə dolandırıb, boya-başa çatdıran, zamanla həm özünün, həm də yedizdirklərinin qan qusacağına şübhə etmədiyim ədliyyə general-leytenantı Ceyhun Həsənovun qanmaz əməkdaşları anlamırlar və ya anlamaq istəmirlər ki, adamın qohumu yoxdur, tək-tənha yaşayır.
Xalq!
Millət!
Nə etməli?