AXCP sədri Əli Kərimli
İndi təsdiq olundu ki, 100 min nəfərdən artıq müharibə veteranını 14 ay ərzində aylıq veteran müavinətindən şəxsən İlham Əliyev özü məhrum edibmiş. İlham Əliyev dünən sərəncam verib ki, 2022-ci ildən veteranlara 80 manat veteran müavinəti verilsin. Sual olunur ki, bu sərəncama hansı ehtiyac var idi? Əslində ehtiyac yox idi. Ölkədə veteranlar haqqında qanun 1994-cü ildən var. Onların aylıq müavinəti isə 2019-cu il 15 aprel fərmanı ilə 80 manat müəyyən edilib. Yəni 2-ci Qarabağ savaşı başa çatan kimi bütün müharibə iştirakçılarına müharibə veteranı vəsiqəsi və aylıq müavinətlər verilməli idi. Mövcud qanunvericilik belə tələb edirdi. Ancaq hakimiyyət nə etdi? Qanunları heçə sayaraq müharibə veteranlarını 14 ay ərzində aylıq müavinətdən məhrum etdi.
Dünənki sərəncam isə hüquqi zərurətdən yox (yuxarıda izah etdim ki, buna ehtiyac yox idi), xalqa minnət qoymaq istəyindən meydana çıxıb.
Lap tutaq ki, sərəncama ehtiyac var idi. O zaman nəyə görə İlham Əliyev həmin sərəncamı savaş başa çatan kimi imzalamadı? Nəyə görə sərəncamı ləngitməklə bu qədər veteranın hər birini 1120 manatdan (14 ayda bu qədər alacaqdılar) məhrum etdi. Axı bu 1120 manat dövlət üçün də, şəxsən Əliyevin özü üçün də böyük miqdarda pul olmasa da, müharibə veteranı üçün hər halda müəyyən dəstək olardı. Nəyə görə insanları bu halal haqqından məhrum etdiniz?
Dünən imzalanmış sərəncamla isə onu vurğulamaq istəyiblər ki, veteranlar dövlətin qanunlarının tələbilə deyil, məhz İlham Əliyevin “mərhəməti” – sərəncamı sayəsində aylıq müavinət alacaqlar. Gərək özlərini İlham Əliyevə borclu bilsinlər. Halbuki, məhz İlham Əliyev hakimiyyəti veteranı qanuni müavinətini almaq hüququndan 14 ay məhrum edib. Üstəlik, bugünlərdə digər sosial ödənişlər az da olsa artırılsa da, veteran müavinətləri artırılmayıb. Bütün bunlardan sonra hakimiyyət nəyə görə ümid edir ki, hüququnu pozduğu xalqı aldadıb özünə minnətli edə biləcək? Cavab aydındır. Hakimiyyət biz xalqı hüquqlarını bilməyən, məlumatsız, hətta sadəlövh insanlar sayır. Biz də əksini sübut etməliyik. Ötən 14 ay üçün də veteran müavinətlərinin verilməsini, veteran müavinəti məbləğinin artırılmasını hamılıqla tələb etməklə sübut etməliyik ki, biz hüquqlarımızı bilirik, heç kimin də əsassız yerə bizə minnət qoymasına imkan verməyəcəyik.