İctimai fəal Bəxtiyar Hacıyev
Keçən ilin sonlarına doğru Dövlət Təhlükəsizliyi Xidməti ilə müraciətlərin araşdırılmamasına görə gərginliyimiz başlamışdı. Elə ilk atışmalar başlamışdı ki, DTX-dan dəvət etdilər, problemin kökünü araşdırdılar, anladılar ki, bu qarşıdurma nə mənə, nə də onlara lazımdır. Araşdırılmamasından narazı olduğum məsələni 2 günə araşdırdılar, məsələ bağlandı. Çünki rəhbərliklərində də, əməkdaşları arasında da ağıllı adamlar var, başa düşürlər ki, məsələləri bəsitləşdirmək, kiminləsə düşmən olmaq yox, gələcəyə baxmaq lazımdır.
DİN ilə eyni vəziyyət yarananda DİN rəhbərliyi Putin yolunu seçdi. Hərbə-zorba, hədələmə, “dubinka soxarıq sənə”, “səni kim öyrədib bizə qarşı qaldırır?” konspirasiyaları və s. və ilaxır. Putin kimi elə bir duruma gətirdilər ki, irəli getdikcə cəmiyyətdə nüfuzdan salırlar özlərini.
Amma bir fasilə verib, səhvlərini araşdırıb, vətəndaşın narazı olduğu məsələləri araşdırmaq əvəzinə Putin kimi troll fabrikalarında yetişdirdikləri trolların, 5 manata qələmini və şərəfini satan zurnalistlərin, gündə 5 qucaq dəyişən siyasilərin, “pirimiz” adlandırdıqları alovluların ümidinə qaldılar. Onlar vasitəsilə böhtanlar atmağa başladılar.
Putinin Solovyovu, Simonyanı Zelenski ətrafındakı Arestoviçlər qarşısında nə qədər idbar görünürlərsə, Eyvazovun ətrafındakılar da elə görünməyə başladı.
Putin bir anda at üstündə yarıçılpaq fotoları ilə yaratdığı alfa-kişi obrazından bunkerdə gizlənmiş botokslu qoca obrazına keçdisə, DİN də öz rəhbərliyinin imicini eləcə dağıtmağa başladı.
Putin bütün dünyanı ətrafında birləşdirə bilmiş təcrübəsiz, cavan Zelenski qarşısında ətrafında Lavrov, Şoyqu kimi insanlarla tək qaldığı, Solovyov və Simonyanın yalan maşınına möhtac qaldığı kimi Eyvazov da alovluların, pullu mirzələrin müdafiəsinə möhtac qalıb.
Acı mənzərədir. Bu boyda qurum bir böhranı idarə edə bilmir, bir vətəndaşla söz davasına çıxır. Halbuki, DTX-nın etdiyi kimi şikayətləri zamanında araşdırıb, günahkarları cəzalandırıb, məsələni bağlamaq olardı. Amma görünür, onun üçün qurumun rəhbərliyində bunu düşünəcək qədər ağıllı adamlar tapılmır.