ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
2021-ci ildə işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış 2,2 milyard manatın 2178,4 mln. manatı xərclənib ki, bu da proqnoza nisbətən 99 faiz təşkil edir. Bu vəsaitin 85 faizi avtomobil yollarının və dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün yönəldilmişdir. Belə ki, icra edilmiş məbləğin 73 faizi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 12 faizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, bundan başqa 4,5 faizi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, 3,1 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 2,9 faizi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 3,5 faizi isə digər təşkilatların payına düşüb. 18 sifarişçi təşkilata ayrılmış bu vəsait 71 layihə üzrə bölüşdürülüb. Lakin, nə sifarişçi dövlət təşkilatları, nə də icraçı siyasi və biznes “elitasına” məxsus şirkətlər layihələr üzrə nə qədər vəsaitin xərclənməsinə dair açıqlama vermirlər. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrasına dair rəyində isə “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin icrası”na dair yarım səhifəlik ümumi məlumat yerləşdirilib.
Deməli Qarabağ azad olmayıb, sadəcə bir əldən başqa ələ keçib, yəni 3000 şəhidin canı, 10 mindən çox qazinin qanı bahasına işğalçı ermənilərdən alınıb Azərbaycan xalqına deyil, korrupsioner Əliyev hakimiyyətinə verilib.
Bütün bunlara laqeyd yanaşan xalqa görə, sabah parlament ölkə vətəndaşlarının rifahı naminə xərclənməli olan 2,5 milyard manatlıq dövlət büdcəsinin profisitini (artıq pulunu) də prezidentin təklifi ilə investisiya layihələrinə yönəltməklə bağlı qərar verəcək. Xalqın etimad göstərdiyi və mandat verdiyi hakimiyyətlərin idarə etdiyi ölkələrdə belə vəsaitlər qiymət bahalaşmasına görə aztəminatlı əhaliyə təzminat kimi ödənildiyi halda Azərbaycanda isə barreli 130 dollara satılan neftdən əldə edilən gəlirlər şəffaflığı və hesabatlılığı, informasiyaya çıxışı təmin edilmədiyinə görə korrupsiya potensialı yüksək olan investisiya layihələrinə xərclənir. Yatın, yuxunuz şirin olsun, bilin ki, ağlamayana kökə yoxdur. Bir də ki, «Yeməyənin payını yeyərlər» deyiblər. Özünüzdən inciyin!