Azər Əliyev
2019-cu uldə məcburi köçkün ailəsində ölkəmizin 10 milyonuncu vətəndaşının doğulmağı yadınızdadırmı? Bu münasibətlə bütün şəhər və rayonlarda konsertlər, atəşfəşanlıq oldu, bəzi yerlərdə yerli icra başçıları qol götürüb oynadılar. Elə o zaman da mənə təəccüblü gəlmişdi: bu adamlar vətəndaş qədri biləndimi?..
Paylaşdığım 3-cü şəklə baxın. Bu daxmada 5 nəfər yaşayır: ana və 4 uşaq. Ananın 35 yaşı var, həyat yoldaşından rəsmi qaydada ayrılıb, sağlam və əmək qabiliyyətlidir. Uşaqların ən böyüyünün 13 yaşı var, ən kiçiyi isə 6 aylıqdır. Ailə 2021-ci ilin sonunadək ünvanlı dövlət sosial yardımı alıb. 2022-ci ildə yenidən yardım üçün azı 5 dəfə müraciət edib, hər dəfəsində də imtina cavabı alıb. Səbəblər:
1-ci cəhddə DSMF guya “gizli torpaq” aşkarlayıb. Qadının adı vaxtilə ailələrinə verilmiş pay torpağına aid dövlət aktında olub, lakin həmin torpaq dövlət ehtiyacı üçün bu ailədən geri alınıb. DSMF-nin imkanı var idi ki, bunu müvafiq dövlət qurumu ilə dəqiqləşdirsin. Amma əvəzində qadının özündən rəsmi arayış istənilib.
2-ci cəhddə qadın 11 manat rüsum ödəyərək bu arayışı alıb. Amma bu dəfə DSMF “gəliri gizlətməyə görə” yardım təyin etməkdən imtina edib.
Qadın soruşub:
-Söhbət hansı gəlirdən gedir? Mən axı işəmirəm.
DSMF işçisi: -Əgər gəliriniz olmasaydı, siz sonuncu yardım kəsilən vaxtdan bəri sağ qala bilməzdiniz.
3-cü cəhddə qadın gəlirini formal olaraq ayda 400, ildə 4800 manat göstərib. Bu dəfə də imtina cavabı gəlib: bu gəlir 5 nəfərin minimal yaşayışını təmin etmir.
4-cü cəhddə qadın gəlirini aylıq 500, illik 6000 manat göstərib. Evə və sənədlərə baxış keçirən yoxlayıcılar imtina üçün heç bir səbəb tapmayıblar. Amma Sahil Babayevin rayon üçün müəyyən etdiyi təyinat sayı və yardım məbləği imkan vermədiyindən bu dəfə də imtina olunmalı idi. Bu dəfə qadını gəliri ilə bağlı sorğu-suala çəkirlər. Dialoq təxminən belə olub:
-Aylıq 500 manatı nədən qazanırsan?
- Mən pul qazanıram ki?!
-Axı bəyan etmisən ki, ayda 500, ildə 6 min qazanırsan.
-Mən bunu göstərməyə məcburam. Çünki sizin tətbiq etdiyiniz sistem dərhal imtina cavabı verir.
-İmtina verməlidir də. 5 adam aylarla pulsuz necə yaşaya bilər? İndi deyin görüm gəliriniz hansı mənbələrdən formalaşır.
-Qardaşlarım aradabir 5-10 manat verirlər. Onlar fəhlə işləyir, öz ailələri, ehtiyacları var. Əslində onların da yardıma ehtiyacı var.
-Sonra?
-Qonşulardan biri həftədə 2-3 dəfə süd verir, bilir uşaqlarım acdır, o biri hərdən isti çörək…
-Vətəndaş, dastan açmayın, qısa şəkildə bütün gəlirlərinizi bəyan edin!
-O günlərdə yol idarəsi bir ərzaq qutusu göndərmişdi. Amma bu, cəmi bir dəfə olub. Başqa vaxtlarda da tanıyan, bilən fitrələrini bizə verir. Bunlar gəlirdimi? Yardım üçün müraciət etdiyim ərizə formasını notariusda təsdiqlətdirməyə pulum yox idi, “Asan xidmət” işçilərinin yazığı gəldi, özləri ödədi rüsumu. Biz olmayan şeydən danışırıq…
-Deməli, gəliriniz ayda 500 manat deyil?
-Əlbəttə, deyil.
Məhz elə bu cavab növbəti imtina üçün əsas olub.
İmtinanın səbəbini təxmin etmək çətin deyil. Əgər bu ailəyə elə ilk müraciətindən, həm də ehtiyacına uyğun məbləğdə yardım təyin edilsəydi, onda qadın hər ay dövlətdən 1000 manat ala bilərdi. Bu, ilin ötən 5 ayı üzrə 5 min manat deməkdir. Bu cür minlərlə ailəyə müxtəlif səbəblər (əslində bəhanələr) gətirməklə dövlət sosial yardımından imtina etmək milyonlarla manat büdcə vəsaitinə qənaət etmək deməkdir. Heyif deyilmi bu pulu verəsən evində oturan vətəndaşa, qoy elə fitrə ilə dolansın də.. Üstəlik bütün ehtiyaclı ailələrə ucdantutma yardım təyin etmək ölkənin yoxsulluq statistikasını şişirdə bilər. Bu da ölkə üçün ayıbdır axı.
…Ölkəmizin 10 milyonuncu vətəndaşı bu yuvarlaq saya görə bəxtəvər ola bilər. Doğulan kimi onun ailəsinə ev verildi, hesablarına pul yatırıldı. Amma minlərlə Azərbaycan vətəndaşı bu cür idarəçilik olan ölkədə doğulduğu üçün xoşbəxt ola blmir…