Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Milli Şuranın sədri, professor Cəmil Həsənli bir neçə dəfə sədrlikdən getmək istədiyini deyib. Hörmətli Cəmil müəllim çox vicdanlı insandır və həmişə vurğulayır ki, ölkədə rejimlə üz-üzə, ağır basqılar və təhdidlər altında mübarizə aparanların bütün mənalarda mənəvi haqqı xaricdən, Avropanın güvənli və təminatlı ölkələrindən müxalifətçilik edənlərdən qat-qat çoxdur. Professor özü dörd ildir əvvəl ABŞ, sonra Ingiltərənin nüfuzlu qurumlarında çalışdığı üçün buna görə narahat olur.
Öncə onu qeyd edim ki, ABŞ ezamiyyətindən sonra Bakıya qayıtmaq istəyən sədrimizi bu niyyətindən biz daşındırmışıq. Çünki, xüsusilə, 2020-ci ilin mart ayında İlham Əliyevin Novruz Bayramı münasibətilə etdiyi təbrik, əslində isə nifrət çıxışından sonra ölkədə durum çox ağırlaşdı, Tofiq bəy şərlənib həbs olundu, az sonra 40-dək cəbhəçi Qarabağ aksiyasına görə həbsə atıldı. Milli Şuranın Bakıdakı rəhbərliyi də hər an belə bir təhlükə ilə üz-üzə idi. O zaman biz Milli Şuranın ümumi mövqeyi olaraq Cəmil müəllimə təkidlə ölkəyə qayıtmamağı tövsiyə etdik. Çünki, bizlər hamımız həbs olunsaydıq belə Cəmil müəllim tək hakimiyyətə Milli Şuranı məhv etmək imkanı verməyəcəkdi, mübarizə ocağı sönməyəcəkdi.
Lakin, təəssüf ki, Cəmil müəllimin bu vicdanlı, xoşniyyətli mövqeyindən sui-istifadə etmək istəyənlər var. Onlar “Milli Şurada sədrlik üstündə savaş gedir” kimi əsassız, axmaq və əlçatmaz xəyallarını cəmiyyətə gerçək kimi sırımağa çalışırlar.
Düzdür, Cəmil müəllim Milli Şuranın sədri olmağı Tofiq Yaqubluya, Vidadi Mirkamala və mənə dəfələrlə və təkidlə təklif edib. Üçümüz də eyni təkidlə imtina etmişik və Cəmil müəllimin özünün sədr kimi qalmasını istəmişik. Öz adımdan bəyan edirəm ki, sədrlik iddiam yoxdur, böyük məmnuniyyətlə istər Tofiq bəyin, istər Vidadi müəllimin, istərsə də Milli Şuranın Koordinasiya Mərkəzinin istənilən üzvünün namizədliyinə dəstək verməyə hazıram, amma hazırda mən də Cəmil müəllimin Milli Şura üçün ən düzgün seçim olması qənaətindəyəm.
Bədxahları bir daha məyus edəcəyəm- Milli Şuradan getməyi ağlımın ucundan belə keçirmirəm və bu qurumdan yalnız demokratik hakimiyyət təmsilçiliyinə gedə bilərəm))).
Odur ki, Milli Şurada sədrlik uğrunda savaş varsa, bu sədr olmaq yox, sədr olmamaq uğrunda savaşdır))).
Bəs nədən Azərbaycan siyasi müxalifətinin ən uzunömürlü və prinsipial birliyi- Milli Şura haqqında onu gözdən salmağa yönəlik belə cəfəng və əsassız iddialar səsləndirilir?
Səbəb burada paylaşdığım rəy sorğusundadır. Qısa zaman sürəcində keçirilən artıq üçüncü sorğuda Milli Şuranın ən yaxın müttəfiqi AXCP və onun sədri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli 80 faiz civarında nəticə sərgiləyir. Doğrudur, elmi sorğu deyil, respondentlərin çevrəsi tam bəlli olmur, amma, nə edək, indiki Azərbaycan şəraitində bundan daha yaxşısı yoxdur. Hər-halda Zahid Orucun prezidentə 99 faiz dəstək yazan sorğularından daha etibarlıdır.
Və əgər fərqli auditoriyalara malik üç müxtəlif you tube kanalının toplam 15 mindən çox respondenti əhatə edən sorğularında demək olar ki, eyni nəticə ortaya çıxırsa, bu artıq stabil trenddir və sonucları ilə hesablaşmamaq mümkün deyil.
Bu o deməkdir ki, hakimiyyətin böyük pullar və çabalar hesabına yaradıb və bir müddət Zəngəzur havası ilə üfürüb şişirə bildiyi konfiqurasiya və ya avtobus müxalifətinə qoyulan investisiyalar batıb.
Bu o deməkdir ki, “Yeni liderə ehtiyac var, 20 il partiya sədri olmaz, filankəs yerini gənclərə verməlidir, nöqtə” avantürasını kimə yedizdirdilərsə, Azərbaycan xalqı yemədi.
Bu o deməkdir ki, xalqımız bizi eyni zamanda həm fetoçu, həm şiə radikalı, həm homofob, həm islam dəyərlərinin düşməni, həm Rusiya projesi, həm Sorosun uşaqları çıxaranlar qarşısında əzdirmədi, əksinə onların ağızlarının üstündən yağlı bir sillə vurdu.
Bu o deməkdir ki, hakimiyyətin uzun illərdir gerçəkləşdirdiyi şantaj və şirnikləndirmə ilə vətəndaş cəmiyyətini ələ alma, onun təmsilçiləri vasitəsilə Milli Şura-AXCP -yə qarşı həm daxildə, həm də, xüsusilə, xaricdə, beynəlxalq təşkilatlarda ardıcıl qarayaxma kampaniyaları aparma siyasəti də iflasa uğrayıb.
Ortada uzun illərin ağır repressiyalarından, çəkilməz məhrumiyyətlərindən sivrilib salamat çıxan, yaralarını sarıb həmən yoluna davam edən bir güc var. Bu güc hətta əzici basqılar altından qurtulmaqla kifayətlənməyib, toplumun böyük əksəriyyətinin, hələlik yalnız mənəvi də olsa, dəstəyini qazanıb. Gəlin ona yardım edək, onu qatqılarımızla daha güclü edək ki, ikitirəlik, çaşqınlıq yaranmasın, cəmiyyət də ürəklənib meydana çıxsın, gerçək proses başlasın.
Hərəmiz ətəyindən tutub bir yana dartmaqla, əlimizə bir daş alıb atmaqla, qulp qoymaqla, gözdən salmağa çalışmaqla öz xoşbəxtliyimizdən, balalarımızın gələcəyindən kəsib hakimiyyətin ömrünü uzadırıq.
Xalas olaq, sonra onsuz da hakimiyyətin taleyini əlahəzrət xalq və seçki qutusu həll edəcək. Kimi istəyirsiniz, ona səs verərsiniz.
Dostlar, gəlin çəkici bir zindana vuraq, demokratiya tarixi hələ güclü, yekdil, kütləvi xalq hərəkatından başqa xilas modeli tanımayıb. Biz də bir olaq, əlbəttə, əgər gerçəkdən də, bu rejimdən qurtulmaq niyyətimiz varsa.