“Amerika Birləşmiş Ştatları zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir”. “Turan”ın xəbərinə görə, bunu oktyabrın 12-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması barədə xəbərləri şərh edərkən deyib.
“Bizə bildirdilər ki, oktyabrın 11-də insident baş verib. İstintaq davam etdiyi üçün bu işin təfərrüatları barədə danışa bilmərəm. Əlavə məlumat almaq üçün sorğunuz daha çox ABŞ Məxfi Xidmətinə və paytaxt polis idarəsinə göndərilib”, – N.Prays əlavə edib.
O vurğulayıb ki, onlar Azərbaycan səfirliyinin rəsmi şəxsləri ilə əlaqə saxlayırlar.
“Anladığımız qədər, səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb”, – o, fikrini yekunlaşdırıb.
Səfirliyin xidməti avtomobilinə atəş açılıb
Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 12-də məlumat yayıb.
Məlumatda vurğulanıb ki, baş vermiş hadisə ilə bağlı dərhal Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib: “ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib…”.
XİN hesab edir ki, son zamanlar xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı hücumlar (Paris, Beyrut və s.) sistemli xarakter daşıyır: “Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə,.. qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib”.
Hələlik, bu açıqlamaya ABŞ-ın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Amma son illər Azərbaycan səfirliklərinə hücumlardan sonra həmin ölkə rəsmilərinin məsələlərin araşdırıldığı ilə bağlı açıqlamaları olmuşdu. Təkcə bu il Parisdə, Beyrutda mülki şəxslərin belə hücumlarının olduğu, amma səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığı bildirilib.
Azadlıq radiosu