“Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb”. AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib. O, sonra Rusiya tərəfinin səylərindən bəhs edib: “…Mən bunu xüsusi vurğulamaq istərdim, – məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı”.
Prezident daha sonra oktyabrın 6-da keçirilən dördtərəfli görüşə də toxunub. Onun sözlərinə görə, bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub: “Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi”.
Azərbaycan prezidentinin vurğulamasına görə, buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək.
Bakıdan Makrona cavab
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makrona cavab verib.
“Fransa Respublikasının Prezidenti Emmanuel Makronun… tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik”, – XİN-in açıqlamasında bildirilir.
Cavabda qeyd edilib ki, Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
Fransa uzun müddət Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında vasitəçilik etmiş ATƏT-in Minsk qrupunda həmsədrlərdən (digərləri ABŞ və Rusiyadır) biridir.
Azadlıq radiosu