Fransa prezidenti Emmanuel Makron oktyabrın 12-də Rusiyanı Ermənistan və Azərbaycan arasında bu yaxınlarda baş vermiş sərhəd toqquşmalarını məqsədli şəkildə qızışdırmaqda ittiham edib.
Reuters agentliyi yazır ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra ən qanlı sərhəd toqquşması sentyabrın ortlarında baş verib.
Moskvanın Yerevanla müdafiə paktı var və Rusiya Ermənistan ərazisində hərbi bazaya malikdir.
Bundan başqa Rusiya 2020-ci il müharibəsinin ardınca Azərbaycanın Qarabağ bölgəsinə minlərlə sülhməramlı yeridib.
Reuters yazır ki, beləliklə, Rusiya Türkiyənin də təsirinin artdığı bu regionda həm polis, həm də vasitəçi funksiyalarını öz üzərinə götürüb.
Oktyabrın 12-də “France 2” televiziyasına müsahibəsində Makron Moskvanı Bakı və Yerevan arasında gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqda ittiham edib:
“Son iki ildə sərhəddə nə baş verir? Xəbərlərdən məlum olur ki, 5 min Rusiya hərbçisi orada sərhədin təhlükəsizliyini təmin etmək üçün yerləşdirilib. Amma ruslar çoxəsrlik münaqişədən Türkiyənin iştirakı ilə Azərbaycanın xeyrinə oynamaqla sıx əlaqələri olan Ermənistanı zəidflətməyə çalışır. Görürsünüz də nələr baş verir? Rusiya vəziyyətin sabitliyini pozmağa çalışır. O Qafqazda xaos yaratmağa çalışır ki, hamımızın sabitliyini pozsun”.
Makron ötən həftə Praqada Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri ilə dördtərəfli danışıqlarda iştirak etmişdi.
Bu danışıqların nəticəsi olaraq Avropa İttifaqının Ermənistana müşahidə missisyası gəndərilməsinə dair qərar qəbul olunub.
Azadlıq radiosu