Hüquq müdafiəçisi Anar Məmmədli
Dünən Zelenskinin ABŞ Konqresindəki çıxışını dinləndikcə, həm onun, həm dünyanın siyasi gündəminin xeyli dəyişdiyini fərq etdim. Daha kədərlisi bilirsiz nədir? 10 gün sonra başa çatacaq 2022-ci il Ukrayna müharibəsində qurban gedən minlərlə insanın ömründə sonuncu il oldu…
Bunları düşündükcə adam dəhşətə gəlir, ətrafımızda yaşanan insanlıq faciəsinə həyata və gələcəyə ümidlər itir. Amma olaya başqa bir yandan da baxaq. Bu gün Rusiya raketlərinin hədəfində olan, Avropaya qaçqın düşən və ən igid övladlarını cəbhədə itirən ukraynalıların gələcəyə ümidi daha böyükdür nəinki bizim xalqın.
Bilirsiz niyə? Çünki bizi xalqına qarşı yadelli kimi davranan bir siyasi rejim idarə edir.
Dünən Vasif Talıbovun 27 illik hakimiyyətinə son qoyuldu. Bu Talıbov Naxçıvandan əhalinin pərən düşməsində, yüzlərlə müxalif düşüncəli insanın döyülüb, söyülüb qovulmasına rəhbərlik etmiş adam olub. Minlərlə naxçıvanlının həyatını puç elə, yurdundan didərgin sal və rahatca get istirahətə.
Yaxud indi girov götürülən Bəxtiyar Hacıyevə münasibəti götürək. Aclıq etdiyi üçün onun məruz qaldığı işgəncəni Rusiya hərbçiləri ukraynalı əsirlərə tətbiq edirdilər.
Təsəvvür edin, bizdən bir neçə min kilometr uzaqda ukraynalılar şərəf və ləyaqət mübarizəsi aparır, hər gün canlarını fəda edir ki, Ukrayna və digər postsovet xalqları rus imperializmindən xilas olsun. Və dünyanın başı bu müharibəyə qarışdığı dövrdə Azərbaycandakı hakim rejim Bəxtiyarı susdurmaq üçün həbs etdiyi azmış kimi saxlanma yerində də dinc buraxmır. İnsan ləyaqətinə qarşı belə pis rəftarı özünə rəva bilən rejim özünə hörməti olan toplum üçün utancdır. Məhz belə əməllərinə görə bu rejim Azərbaycan xalıqnın taleyinə düşən ən böyük bəlalardan biri kimi xatırlanacaq.
Bakhtiyar Hajiyevə Azadlıq!