Hüquq müdafiəçisi Anar Məmmədli
Əvvəlində “milli” yazılan ifadə və sözlərlə bağlı vaxtaşırı bizim cəmiyyətdə yanlış anlaşılmaya rast gəlirəm. Bu məsələdə siyasi anlayışlarla bağlı ölkədə təhsilin zəif olması, habelə hakim siyasi rejimin spesifik təbliğatının və nəhayət aşağı media savadlığının da təsirləri var.
Məsələn, çoxlarına elə gəlir ki, bizim milli dövlətimiz var. Bu yanaşmada Azərbaycan adlı müstəqil dövlətin olması faktı ciddi rol oynayır. Amma belə deyil. Milli dövlət anlayışı təkcə müəyən ərazidə suveren hüqüqlara malik dövlətin mövcud olmasından ibarət deyil.
İlk öncə ondan başlayaq ki, siyasi ədəbiyyatda son 2-3 əsrin mövzusu kimi araşdırılan milli dövlətin yaranış fələsəfəsinə müasirlik daxildir. Yəni milli dövlət dini ehkamlar və monarxiya ənənələri ilə idarə olunmayan, milli iradəyə (vətəndaşların bərabər, azad və ədalətli səsvermə hüququ vasitəsilə formalaşan ümummilli siyasi iradə) əsaslanan yeni dövlət idarəçiliyi formasıdır.
Milli dövlət quruculuğunun iqtisadi, mədəni və sosioloji mərhələləri də var. Bu isə xeyli yorucu və uzun mövzudur.
İndi qayıdaq milli dövlət ifadəsinin bizim media və siyasi leksikonda yanlış istifadəsinə. Bizə uzun illər ərzində təbliğ edilən “milli dövlətçilik” anlayışı akademik müstəvidə çürük və diletant yanaşmalardan ibarətdir. Çünki Azərbaycanda hələ milli dövlət quruculuğu başa çatmayıb.
Hazırda ölkədəki idarəçilik postmodern traybalizmə də bənəzyir, postmodern monarxiyaya da, kreptokratik texnokratiya da. Bu cür idarəçilik formaları isə milli dövlət anlayışına ziddir. Dövlət o zaman milli olur ki, siyasi idarəçilik elitist, monarxik, təkpartiyalı, kleptokratik və teokratik idarəçilik elementlərdən uzaqlaşsın.
Qarabağın işğaldan azad edilməsi, Naxçıvana Zəngəzur yolunun çəkilməsi, hətta quzey-güney istiqamətlərində yeni ərazilərin fəthi də milli dövlət quruculuğunda nəyisə dəyişməyəcək. Bu yalnız monarxiya, postmodern traybalizm və kleptokratik idarəçilik elementlərini özündə birləşdirən hakim siyasi rejimin suveren hüquqlarının sərhədini genişləndirəcək.
Gəlin bir az da gen-bol istifadə olunan milli birlik ifadəsinə baxaq. Ən gülüncü və düşük təbliğatlardan biri bu ifadə ilə bağlıdır.
Milli birlik milli dövlətə xas ifadədir. Milli birlik müasir milli dövlətdə seçkilər və ya iştirakçı demokratiya vasitəsilə təmin edilir. Bizdə bu mexanizmlər çalışmır. Ona görə də bizdəki milli birliyin anlamı hakim siyasi rejimlə müticəsinə razılaşmağı ifadə edir. Yəni səni səsverməyə qoymurlar, seçmədiyini deputat edir ya da parlament partiyasına çevirirlər, nəticədə milli iradəni boğurlar. Amma həyasızcasına milli birlikdən bəhs edirlər. Əgər ölkədə milli iradəyə hörmət qoyulmursa, milli birlikdən bəhs etmək əxlaqsızlıqdır.
Qısası, ölkədə milli dövlət qurulmayınca milli birlikdən danışmaq tezdir, milli dövlətin qurulması isə milli iradənin demokratik qaydada təmin olunmasından keçir.