Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 22-də səhər videoəlaqə vasitəsilə xəstəxana yatağından Tbilisi məhkəməsinə qoşulub. Çox arıqlamış və xəstə görünən Saakaşvilinin başı yastığa söykənmişdi. Məhkəmə iclası keçmiş prezidentin xəstəliyi səbəbindən ona oxunmuş hökmə xitam verilməsnin müzakirəsinə yığışmışdı.
Saakaşvili hakimiyyətdən sui-istifadə maddəsi ilə altı illik həbs cəzasına məhkum edilib və hazırda həbsdədir. Tərəfdarları bu hökmün siyasi motivli olduğunu deyirlər.
Bu ay ölkənin Penitensiar Xidməti Saakaşviliyə məhkəməyə xəstəxanadan videoəlaqə vasitəsilə qoşulmağa icazə verməmişdi. Səbəb kimi isə müvafiq texniki avadanlığın olmaması göstərilmişdi.
54 yaşlı keçmiş prezidentə beynəlxalq dəstək son bir neçə həftədə daha da artır. O hazırda hərbi xəstəxanada müalicə alır.
Azadlıq radiosu