Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclığı dayandırması üçün təzyiqlərə məruz qaldığını deyir. Bu barədə o, dekabrın 20-də Xətai rayon Məhkəməsində danışıb.
Bu məhkəmədə Hacıyevin istintaq dövründə ev dustaqlığına buraxılması haqda vəkili Aqil Layıcın verdiyi vəsatətə baxılıb. Qapalı keçirilən məhkəməyə ictimai fəalın özünü də gətiriblər. O deyib ki, artıq altıncı gündür, aclığı davam etdirir. Amma aksiyanı dayandırması üçün həm fiziki, həm psixoloji təzyiqlərə məruz qalıb. Bu barədə hakim Bəxtiyar Məmmədova ətraflı danışan ictimai fəal vurğulayıb ki, təzyiqlərə baxmayaraq, aclığı dayandırmaq niyyətində deyil:
“Bu aclığı mən qanunsuz həbsimə etiraz olaraq başlamışam. Qanunsuz həbsdə saxlanmağım isə davam edir”.
Hacıyevin hakimə dedikləri
Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb.
Onun vəkili Şəhla Hümbətova AzadlıqRadiosu-na bildirib ki, Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək: “Eyni zamanda, Bəxtiyar Hacıyevin məhkəmədə danışdığı, Bakı İstintaq Təcridxanasında ona qarşı baş vermiş qanunsuz hərəkətlərlə əlaqədar lazım olan hüquqi addımlar atılacaq”.
Vəkil əlavə edib ki, həbsdə aclıq edən şəxs həkim nəzarətində oımalıdır.
Hacıyev hakimə deyib ki, ona nəinki tibbi yardım göstərilmir, əksinə, şüşəsi sınıq, soyuq otaqda, qandallı vəziyyətdə saxlanılıb, su istəsə də, gətirib ona göstəriblər, lakin verməyiblər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə istintaq təcridxanasında Bəxtiyar Hacıyevə fiziki və psixoloji təzyiq göstərilməsi haqda iddiaları təkzib edib.
Azadlıq radiosu