Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənənədək təxirə salınmasını istəyib.
Bu barədə məlumatı dekabrın 22-də Ermənistan XİN-in sözçüsü Vaan Unanyan verib.
Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında görüşün dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılmışdı.
Bundan əvvəl Rusiya XİN Ermənistan tərəfinin bu danışıqlardan imtina etməsi barədə xəbər vermişdi.
Ermənistan XİN-in sözçüsü bildirib ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə sadiqdir və Azərbaycan tərəfinə Ermənistanın yeni təklifləri təqdim olunub.
Sülh müqaviləsi müzakirə olunmalıydı
Dekabrın 22-də Rusiya və Azərbaycan xarici işlər nazirləri – Sergey Lavrov və Ceyhum Bayramov arasında telefon danışığı olub.
Rusiya XİN-in məlumatında deyilir ki, telefon danışığı zamanı Laçın dəhlizindəki və Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasındakı vəziyyət müzakirə edilib.
Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatından irəli gələn öhdəliklərə, o cümlədən Laçın dəhlizi ilə nəqliyyatın və insanların maneəsiz hərəkətinin təmin edilməsi öhdəlyinə əməl edilməsinin zərurətini vurğulayıb.
Lavrov habelə Ermənistan tərəfinin dekabrın 23-ə planlaşdırılan üçtərəfli görüşdən imtina etməsindən təəssüfləndiyini bildirib.
Onun sözlərinə görə bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi müzakirə olunmalıydı.
Azərbaycan XİN-in məlumatı
Telefon danışığı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki nazir bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
XİN bildirir ki, Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini diqqətə çatdırıb.
O, “Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu” vurğulayıb.
Məlumata görə, söhbət zamanı habelə “Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət” və “hərbi təxribatların” qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğunu vurğulanıb.
Azadlıq radiosu