Əkrəm Əylisliyə həsr olunan “Daş kafe”gecəsi keçiriləcək

Mübahisəli və eyni zamanda böyük rezonans doğuran “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisliyə həsr olunmuş xüsusi “Daş kafe” tədbiri keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, tədbir Əkrəm Əylislinin yaradıcılığına və onun ədəbi mövqeyinə həsr olunub.

Qeyd olunur ki, yazıçının “Daş yuxular” əsəri bu gün də həm tənqid, həm də heyranlıq doğurmaqda davam edir, yaddaş, vətən anlayışı və sənətkarın məsuliyyəti ilə bağlı müzakirələri aktuallaşdırır.

Axşam proqramında Əkrəm Əylislinin müsahibələrindən fraqmentlər təqdim olunacaq, erməni musiqiçisi Tiqran Aleksanyanın ifasında musiqi nömrələri səsləndiriləcək. Bununla yanaşı, tanınmış yazıçı və jurnalistlərin iştirakı ilə geniş diskussiya aparılacaq.

Qeyd edək ki, tədbirdə jurnalist və yazıçı Mark Qriqoryan, şair və tərcüməçi Katherine E. Young, jurnalist və tədqiqatçı Thomas de Waal, eləcə də Conciliation Resources təşkilatının Avropa–Asiya Departamentinin əməkdaşı, münaqişələrin həlli və mediasiya üzrə mütəxəssis Könül De Moor çıxış edəcək.

Tədbirin moderatoru Dash Arts təşkilatının bədii rəhbəri və icraçı direktoru Josephine Burton olacaq.

Təşkilatçıların bildirdiyinə görə, “Daş kafe”gecəsi sənət, siyasət və həqiqətin kəsişməsində baş verən mürəkkəb sualları müzakirə etmək, tarixi yaddaş və bədii məsuliyyət mövzularını fərqli baxış bucaqlarından dəyərləndirmək məqsədi daşıyır.

Maqsud
Gununsesi.info