Bakı Metrosu 15 sentyabrdan üzüağ çıxdı

Hər il sentyabrın 15-i Bakıda böyük izdiham və sıxlıqla yadda qalır. Bu gün həm məktəblərin açılışı, həm də yolların hədsiz yüklənməsi ilə diqqəti cəlb edir. Bu il vəziyyət daha da mürəkkəb görünürdü, çünki həm məktəblərin ilk dərs günü, həm də “Formula -1” yarışları eyni vaxta təsadüf edirdi. Nəticədə mərkəzi yolların bağlanması şəhərdə ciddi sıxlığa səbəb oldu.

Yerin üstündə vəziyyət gərgin olsa da, yerin altında – Bakı Metropolitenində, tam fərqli mənzərə vardı. Tıxaclardan yayınmaq üçün metroya minənlər əvvəlcə qərarsız idilər. Əvvəlki illərin təcrübəsinə əsasən, 15 sentyabrda metrodan istifadə riskli görünürdü. Lakin nəticə gözlənildiyindən yaxşı oldu. Peronlarda sıxlığın olmaması, qatarlar arasındakı intervalın uyğunluğu və əlavə nəzarətçilərin cəlb edilməsi diqqəti çəkirdi. Hətta xəttə əlavə vaqonlar da buraxılmışdı.

Həm pik, həm də qeyri-pik saatlarda metrodan istifadə edən sərnişinlər hər iki halda nəticənin eyni olduğunu müşahidə etdilər. Göz önündəki yüksək təşkilatçılıq və idarəetmə məhz həmin gün özünü yüksək səviyyədə göstərdi, bu da sakit mühitin yaranmasına səbəb oldu.

Nəticə olaraq demək olar ki, Bakı Metropolitenində aparılan struktur dəyişiklikləri qısa müddətdə fərqi hiss etməyə imkan verir. Bu isə sərnişinlərin rahatlığı baxımından çox önəmlidir.

 

Onu da qeyd edək ki, Bakı Metropoliteninin rəhbərliyindəki dəyişiliklərdən sonra metrolarda daha yeni bir yeniliklə qarşılaşdıq.

Belə ki, indiyə qədər metroda fəaliyyət göstərən terminalların əksəriyyəti qəpikləri qəbul etmirdi. Bu da insanlar arasında narahatlıqlara səbəb olurdu.

Lakin Metropoliten rəhbərliyinin həmin şirkətə xəbərdarlıqlarından sonra bütün terminallar artıq qəpikləri qəbul etməyə başlayıb.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi sərnişinlərin rahatlığını təmin etmək üçün sürətli və diqqətli addımlar atır. Onun təşəbbüskarlığı sayəsində qısa müddətdə mühüm yeniliklər həyata keçirilib.

Bu yanaşma Metropoliteni həm sakinlər, həm də qonaqlar üçün daha etibarlı edir. Əminik ki, bundan sonra da Bakı Metropoliteni sərnişinlərin rahatlığı və məmnunluğu üçün mütəmadi olaraq təkmilləşmələr həyata keçirəcək.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info