
Qızmar günəşin od vurub saraltdığı qumlu sahillər, şirəsi boğaz qovuşduran şanı, çimərliklərə adam daşıyan elektirik qatarları, uşaqların dondurma ehtirası, nəfəs təntidən bürküyə gilavarın üz qarışdıran yelpik yeli, ləpələrin qayalarla öpüşü, bağ hasarlarının üstündən boylanan əncir ağacları… avqust günlərinin Abşeron tablosu. Bu tablonu əlində sadə qələm bütün yaradıcılığı boyu rəngləyən Elçin. Qələmin qara mürəkkəbində saysız-hesabsız rəng çaları yaradan rəssam-nasir.
Onun “dolça”sı öyrəşmədiyi təamlara məhz avqustda öyrəşdi. Baladadaşının qəlbində ilk gənclik sevdası yayın bu bürkülü günlərində oyandı. Elə Mahmudun da Şirvandan dəli sevda dərdinə mübtəla olub, cəlayi-vətən olmağı avqusta təsadüf etdi. Ağ dəvənin ağ arzulara doğru üz tutması avqust günlərində düşünüldü. Elçin Ələkbəri əyri-üyrü dar dalanların labirintdən böyüklərin mürəkkəb və ziddiyyətli həyatına Abşeron avqustunun içindən çıxararaq atır.
Bilmirəm, qəribədi ya hansısa qanunauyğunluğun məntiqi təcəssümü- onun qəhrəmanları avqustdan doğulurdu. Hətta fərqli məkan, fərqli fəsillərdə cəryan edən hadisələr də oxucunu bir avqust istisinə kökləyir.
Bir dəfə iştirakçısı olduğum tədbirlərin birində Elçini rəsmi geyimdə gördüm. Təbii hal idi. Həmin vaxt Elçin tədbirə məmur kimi qatılmışdı. Açıq havada təşkil olunmuş mərasim avqust ayının bir qızmar gününə təsadüf edirdi. O, tünd mavi kostyum geyinmişdi. İştirakçıların demək olar ki, hamısı isə qısaqol köynəkdə idi. Həmin vaxt bir anlıq Elçinin avqust ayına “xəyanət” etdiyi fikri hardan ağlıma gəldiyini bilə bilmədim. Amma o, pencəyinin cibindən cib dəsmalını çıxarıb hər dəfə alnını siləndə öz-özlüyümdə avqustun ondan “qisas” aldığını düşünmüşdüm.
Elçin Əfəndiyev dramaturq, tənqidçı, ədəbiyyat tarixinin müxtəlif sahələrini tədqiq edən filoloq alim, ictimai xadim olaraq çoxşaxəli fəaliyyət göstərib. Şübhəsiz məşğul olduğu fəaliyyət sahələrində kifayət qədər ciddi uğurlara imza atıb. Fikirimcə Elçinin bədii nəsri onun bütün uğurları ilə müqayisədə daha böyük görünür.
Elçin 1959- cu ildə yazdığı ilk hekayədən başladığı ədəbi tale yolunda özünəməxsus iz, cığır qoydu. Onun ədəbi qəhrəmanlarının bir çoxunun yalın ayaqları Abşeron sahillərinin qumunda ləpir salır, Xəzərin dalğaları isə inadkarlıqla o ləpirləri yuyurdu. Ancaq qəti əminliklə Elçin qələminin ədəbiyatımızdakı izinin heç vaxt silinməyəcəyini bütün ədəbiyyatsevərlər qəbul edir.
O, bu gün ömrünün 83-cü avqustunda əbədiyyətə qovuşdu. Sanki bütün yaradıcılığı boyu avqust yazan ədibin fələyin yazısında son nöqtə qəsdən avqust ayında qoyuldu. Onun bir avqust sevdalısı olduğuna rəğmən.
Pərviz Yəhyalı