
İrəvanın vizalarda Ağrı Dağı simvolunu istifadə etməsi hazırda gündəmdədir.
Məsələ, Ermənistan-Türkiyə münasibətlərində informasiya müharibəsinin bir elementi kimi qiymətləndirilir.
Sərhədin açılması və vizamübadiləsi fonunda bu simvolun aradan qaldırılması siyasi baxımdan vacib addım sayılır.
Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzunu belə şərh edib:
“Məlum məsələdir ki, bu, informasiya müharibəsinin bir qoludur. Ermənistan, digər dövlətlərin ərazi bütövlüyünə hörmət etməmək məsələlərindən daim istifadə edib. Məsələn, bütün Ermənistana girən və Ermənistandan çıxan vizaların möhürlərində Ağrı Dağı simvolu göstərilir.
Bu gün Ermənistan Türkiyə ilə, yəni NATO-nun mühüm dövlətlərindən biri ilə sərhədin açılması istiqamətində addımlar atırsa, sabah viza mübadiləsi də həyata keçiriləcəksə, bu simvol götürülməlidir”.
Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti bilir ki, sərhədlər açılsa və dostluq münasibətləri yaranırsa bu məsələ həll olunmalıdır:
“İlk addım informasiya müharibəsi ilə bağlıdır və bu simvolun götürülməsi zəruridir. Əgər sərhədin açılması üçün danışıqlar aparılırsa və Türkiyə nümayəndəsi ilə Ermənistan nümayəndəsi arasında fikir mübadiləsi gedirsə, bu, öz əksini vizalarda da tapmalıdır.
Türkiyə ilə sərhədin açılması Ermənistan üçün bir nicat yoludur. Bu, tənəzzülə uğramış iqtisadiyyatın bərpasına, həmçinin hərbi və digər sahələrdə vəziyyətin stabilləşməsinə kömək edir.
Viza möhüründəki Ağrı Dağı simvolunun götürülməsi Ermənistan üçün heç bir mənfi nəticə yaratmır və bu, həm hakimiyyət, həm diaspora, həm də vətəndaşlar tərəfindən başa düşülür. Bu, ciddi siyasi addımdır.
Ermənistan uzunillər informasiya müharibəsi çərçivəsində simvollardan və müxtəlif möhürlərdən istifadə edib. Bugün isə bu, dövlətçiliyə və iqtisadiyyata zərbə vuran məsələdir.
Ermənistan bunu dərk etməlidir. Necə ola bilər ki, Türkiyə ilə münasibət qurursan, amma viza möhüründə Türkiyənin ərazi bütövlüyünə iddia edirsən?
Bunu Sarkisyanlar, Koçaryanlar, Vanetsyanlar və digər siyasi dairələr, həmçinin hakimiyyət tam anlayır. İqtisadiyyat naziri də Pasinyanın mövqeyini bildirir və məsələdə heç bir müxalif partiya danışıqlara müdaxilə etmir”.
Şəbnəm Rəhimova