“ATƏT-in Minsk prosesi və əlaqədar strukturlarının bağlanması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilə bilər”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev vurğulayıb:
“Bu institutların bağlanması rəsmiləşdi və bütün ATƏT-ə üzv dövlətlər bir vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış bu strukturların münaqişənin həllindən sonra yeni şəraitdə aktuallığını itirdiyini etiraf etdilər. Bu qərar, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi və Vaşinqton görüşündə əldə olunmuş razılaşmaların praktiki icrasına mühüm töhfədir”.
Deputat qeyd edib ki, bu addım regionda sülh və sabitliyin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət kəsb edir:
“Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan ardıcıl mövqeyini nümayiş etdirir və dialoq üçün əlverişli şərait yaradır. Bu proses digər regional aktorların da konstruktiv rol oynamasına stimul verəcək”-deyə o əlavə edib.
Deputat hesab edir ki, gələcəkdə bu qərar Ermənistan-Azərbaycan münasibətlərində qarşılıqlı etimadın bərpasına zəmin yaradacaq.
Şəbnəm Rəhimova













