“Tramp Putini dayandırmaq üçün sərt mövqe nümayiş etdirir” -ŞƏRH

Bu gün Trampın Rusiyaya verdiyi iki həftəlik ultimatumun müddəti başa çatır və jurnalistlər suallar verməyə davam edirlər.

Trampdan ötən həftə Putinlə söhbətinin olub-olmaması barədə soruşublar.

“Bir çox maraqlı şeyləri başa düşdüm. Onları yaxın bir neçə gün ərzində öyrənəcəksiniz”, – deyə ABŞ prezidenti bildirib.

Trampdan həmçinin yaxın vaxtlarda Putin və Zelenski arasında görüşün elan olunmaması halında nələrin baş verə biləcəyi barədə də soruşublar.

“Görəcəyik nə baş verəcək, onların nə edəcəyini izləyəcəyik, mən bunu çox diqqətlə müşahidə edirəm”, – deyə Tramp bildirib və bir daha rus və ukraynalı əsgərlərin müharibədə həlak olmasının dayandırılmalı olduğunu vurğulayıb.

“Amma indi prezident Putindən çox məyusam”, – deyə Tramp əlavə edib.

“Mən əslində bir neçə həftə əvvəl Putinlə çox yaxşı görüş keçirdim. Görək, bundan nəsə nəticə çıxacaqmı. Əgər alınmasa, biz başqa bir mövqe tutacağıq”, – deyə ABŞ lideri vurğulayıb.

Bu məqamda bir hadisəni xatırlatmaq yerinə düşər.

1986-cı ildə dünya şöhrətli kardioloq Bernard Loun, Qorbaçovun şəxsi həkimi Yevgeni Çazovla birlikdə Nobel mükafatına layiq görülür. Bu münasibətlə Qorbaçov onları Moskvaya dəvət edir. Loun Moskvadan qayıdan kimi, Donald Tramp onu şəxsi görüşə çağırır və onlar görüşürlər.

Bernard Loun xatirələrində Trampın ona dediyi sözləri belə yazır:
“Əgər mən Qorbaçovun kim olduğunu bilsəm, Reyqandan xahiş edərəm ki, məni SSRİ-yə səfir kimi göndərsin və mən bir saata ‘soyuq müharibəni’ bitirərəm.”
(Ritorika sizə tanış gəlirmi?)

Loun yazırdı ki, Trampın yekəxanalığı və siyasi savadsızlığı ona dünyanın ən mürəkkəb problemlərindən birini cəmi bir saat ərzində həll edə biləcəyinə inanmaq “imkanı” verirdi.

Aradan 40 il keçsə də, Trampın mürəkkəb geosiyasi problemləri asan yollarla həll edə biləcəyi əminliyi dəyişməyib.

Unutmaq olmaz ki, Rusiyanın Ukraynaya hücumunun səbəbi sadəcə ərazi deyil. Kreml Ukrayna dövlətinin demokratik ənənələrinə son qoymaq, Ukrayna xalqının milli kimliyini silmək və Ukrayna dövlətinin suverenliyini əlindən almaq niyyətindədir.

Rusiya işğalını dayandırmağın yeganə düsturu isə bəllidir: daha çox silah və daha sərt sanksiyalar. Putinin qarşısında “qırmızı xalça” sərmək, onunla bir maşında oturub xoş söhbət etmək, gülərək əl sıxıb foto çəkdirmək – bunların heç biri nəticə verməyəcək.

Putini danışıqlar masasına yalnız güc vasitəsilə oturtmaq olar. Başqa düsturu yoxdur. Və Tramp bunu nə qədər tez başa düşsə, bir o qədər qazanclı çıxacaq.

 

 

Kamran Cəfərov

Gununsesi.info