
Rusiya mediasında bu ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin regional icra orqanlarına göndərdiyi sənədlər yayılıb.
Nazir Anton Kotyakovun imzası ilə göndərilən sənəd “metodiki tövsiyyə məktubu” adlandırılır. Nazir tövsiyə edib ki, “xarici siyasi vəziyyətin dəyişməsi” ilə əlaqədar regional icra orqanları və işəgötürənlər “azərbaycanlıların işə qəbulu və mövcud əmək münasibətlərinin uçotu ilə bağlı xüsusilə diqqətli olmalıdırlar”.
30 mart tarixli məktubda Rusiya ilə Azərbaycan arasında münasibətlər düzələnədək Azərbaycan vətəndaşlarını işə götürməkdən çəkinmək tövsiyə olunur. İşləyən azərbaycanlıların cari peşə fəaliyyətini qiymətləndirmək, sənədlərinin mövcudluğunu və müddətini yoxlamaq, miqrasiya və əmək qanunvericiliyinə riayət olunmasını dəqiqləşdirmək tapşırılıb.
Yayılan digər bir məktub isə Arxangelsk Şəhər Təsərrüfatı Departamentinin cavabıdır. İyulun 16-da Əmək və Sosial Müdafiə nazirinin məktubuna cavab olaraq yazıblar ki, onların müəssisələrindəki hazırkı ştatlarda Azərbaycan vətəndaşları işləmir və işə qəbulları planlaşdırılmır.