“Elm və Təhsil Nazirliyinin işi imtahan keçirmək deyil” - Elşən Qafarov

  • By Günel
  • 13 Avqust 2025 16:24

“2011-ci ildən Azərbaycan Respublikasında müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçirilir. Son illərdə müəllimlərin işə qəbulu qaydalarında hər il bir yeniliklər, hər il bir dəyişikliklər görürük. Çox təəssüf olsun ki, bu dəyişikliklər bir çox hallarda sanki cəmiyyətdə süni narazılıq yaratmaq məqsədi güdür”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspert müəllimlərin işə qəbulu müsabiqəsinin hər il ən çox müraciət olunan müsabiqələrdən biri olduğunu vurğulayıb:

“Müəllimlərin işə qəbulu müsabiqəsi hər il ən çox müraciət olunan müsabiqələrdən biridir. 60 mindən yuxarı müəllim namizədləri sənəd verdilər. Düzdür bu 60 minin böyük bir hissəsi hal-hazırda sistemdə işləyən müəllimlərdi. 60 minin neçə faizi yeni gələn müəllimlərdir? Nazirlik bunu bildirmir. Çünki Elm və Təhsil Nazirliyi çox təəssüflər olsun ki, əsas vəzifəsi olan ölkənin təhsil siyasətini həyata keçirməyi qoyur bir kənara. Ancaq ilboyu imtahan keçirir. Sanki Dövlət İmtahan Mərkəzinin bir alternatividir. O cümlədən də ölkədə təhsil sahəsində yeganə elmi tədqiqat institutu olan təhsil institutu da elmi tədqiqat işlərini kənara qoyaraq imtahanlar, müsabiqələr, təlimlər, layihələr həyata keçirməklə məşğuldur. Çox təəssüf ediləsi haldır”.

Elşən Qafarov qeyd edib ki, şəhid ailələrinə  xüsusi status verilməsi, işə qəbulu yolverilməz haldır:

“Bu il 2025-ci il üçün müəllimlərin işə qəbulunda əvvəlcə qaydalarda dəyişiklik edildi. Şəhid ailələrinə xüsusi əlavə balların verilməsi və sair. Bu şəhid ailələrinə qarşı bir narazılıq yaratmağa başladı. Əvvəla şəhid ailələri statusu haqqında Azərbaycan Respublikasının qanunu var. Dövlət şəhid ailələrinin sosial müdafiəsinə kifayət qədər diqqət və qayğı göstərir. Eyni zamanda Yaşat Fondu da əlavə olaraq ictimai bir birlik olaraq bu sahədə böyük işlər görür. Biz özümüz də şəhid ailəsiyik. Mənim qardaşım bütün digər şəhid qardaşlar kimi Vətən uğrunda şəhid olub.

Çox təəssüflər olsun ki, Emin Əmrullayevin siyasəti cəmiyyətin əsas dəyərlərindən olan və bizə əmanət olan şəhid ailələrinə də qarşı süni bir narazılıq yaratmaq istəyi gəlir. Şəhid ailələrinə  xüsusi status verilməsi, işə qəbulu yolverilməz haldır. Əmək Məcəlləsinin 16-cı maddəsiylə bu qəbuledilməzdir, ayrıseçkilik sayılır”.

Təhsil ekspertinin sözlərinə görə müsahibə mərhələsi keçdikdən sonra, vakansiya seçimi məsələsində məlum oldu ki, Təhsil Nazirliyi vakansiyaları gizlədib:

“Nəzərinizə çatdırım ki, ölkəmizdə 12 regional təhsil idarəsi var-yəni Bakı Şəhər Təhsil İdarəsi, bir də Naxçıvan MR-nın Təhsil Nazirliyi. Hələ aprel və may aylarından 14 təhsil yerli idarəetmə orqalarından bütün vakansiyalar alınmışdır. İyun ayında bir də dəqiqləşdirmələr aparıldı. İnsanlar imtahana girdilər. Artıq müsahibə mərhələsi keçdikdən sonra, vakansiya seçimi məsələsində məlum oldu ki, Təhsil Nazirliyi vakansiyaları gizlədib. Yəni musiqi, texnologiya, təsviri incəsənət və məktəblərdə daha az saatı olan digər kimya, fizika, biologiya, coğrafiya kimi fənlər vakansiyalardan çıxarılıb. Xüsusilə ən çox da texnologiya və musiqi təsviri incəsənətlə bağlıdır. Bilirsiz bu fənlər insanlarda, şagirdlərdə estetik tərbiyənin inkişafı üçün tədris olunur. Təsəvvür edin ölkədə cəmi 7 texnologiya üzrə vakansiya çıxarılıb. Bu absurd bir şeydir. Hətta mənim özümün tanıdığım onlarla məktəblərdə texnologiya dərsləri vakantdadır.

Təhsil Nazirliyinin vəzifəsi vakansiyaların gizlədilməsi ilə bağlı mübarizə aparmaqdır, ancaq özü vakansiyaları gizlədir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri də açıqlama verdi ki, biz vakansiyaları birləşdiririk. 2000-ə yaxın da tutulmamış yer var. Bilirsiz əvvəla bu gülünc bir açıqlamadır. Vakansiyaları birləşdirirdinsə, bunu ən azı elan etmək lazımdır. Vakansiyanın birləşdirilməsinin səbəbini göstərmək lazımdır. Əgər bu məktəblərin birləşdirilməsidirsə, hal-hazırda işləyən müəllimlərin digər birləşən məktəblərin yerləşdirilməsi prosesidirsə, bunu bu şəkildə etmək doğru deyil”.

Elşən Qafarov bildirir ki, Elm və Təhsil Nazirliyi cəmiyyətdə süni narazılıq yaradır:

“Ümumiyyətlə mən düşünürəm ki,  Emin Əmrullayev və onun şərabçılıq zavodundan, şəkər zavodundan, çayçılıq fabriklərindən, ayrı-ayrı şirkətlərdən Elm və Təhsil Nazirliyində funksional vəzifəyə gətirdiyi yaxın dostlarının sanki bir missiyası var. Azərbaycan cəmiyyətində süni narazılıqlar yaratmaq. Bunu da çox ustalıqla bacara bilirlər. Təhsil elə bir sahədir ki, burda bütün fəaliyyət planlı şəkildə olmalıdır. Strateji düşünmək lazımdır. Sanki belə bir fikir, elə bir təəssürat yaranır ki, bunlar axşamlar hansısa bir çay süfrəsində oturub qərar qəbul edirlər, səhər də deyirlər ki, buyurun. Qaydaları yox, öncə məlumatlandırmalar yox. İnsanlar çaşqınlıq içindədir ki, Elm və Təhsil Nazirliyi nə etmək istəyir?

Əvvəla Azərbaycanda müəllim hazırlığı işində çox ciddi problem var. Yəni gənclərimiz ali təhsil müəssisələrində 4 il ali təhsil alırlar. Ali təhsil müəssislərində öyrədilən o proqramla təhsil institutunda hazırlanan müəllimlərin işə qəbul proqramı üst-üstə düşmür. Ona görə insanlar kütləvi şəkildə repetitor yanına, kurslara, hazırlıqlara gedirlər, böyük vəsait xərcləyirlər, enerji, vaxt xərcləyirlər. Son anda məlum olur ki, vakansiyalar yoxdur. Amma onlar görürlər axı öz yaşadıqları ərazidə, yaxud tanışlarının yaşadığı ərazidə müvafiq vakansiyalar var. Elm və Təhsil Nazirliyinin bu vakansiyaları gizlətməsi və bununla da dediyimiz kimi süni narazılıqların yaradılması başa düşülən deyil”.

Ekspert bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırmasını təklif edib:

“Düşünürəm bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlamalıdır. Elm və Təhsil Nazirliyində cəmiyyətdə bilərəkdən süni narazılığın yaradan, insanların hökumətə, dövlətə qarşı süni şəkildə qızışdırmaq istəyən insanların hüquqlarını tapdalayaraq onları aqressivləşdirən Elm və Təhsil Nazirliyində bu şəxslər kimdirsə, onlar ifşa olunmalıdır. Məqsədləri nədir, hədəfləri nədir bilinməlidir. Buna görə də məsuliyyətə cəlb olunmalıdırlar. İlboyu Elm və Təhsil Nazirliyi işi imtahanlar keçirməkdir və elə bir imtahan yoxdur ki, orda problemlər çıxmasın. May ayında lisey və gimnaziyalara qəbul, hətta avqust ayında lisey və gimnaziyalarda yüksək bal toplayanların -350 uşağın yenidən saatlarla istintaq olunaraq, sorğu-sual olunaraq təzədən fərqli formatda bir imtahana salınması, direktorların, direktor müavinlərinin işə qəbulu müsabiqəsi, ümumiyyətlə onların elə bil keçirdiyi imatahanı yoxdur ki, orda problemlər olmasın. Ona görə fikirləşirəm ki, sanki bilərəkdən cəmiyyətdə süni narazılıq yaradırlar. Yekun olaraq fikrim bundan ibarətdir ki, bu narazılıqların qarşısını almaq üçün, önləmək üçün yeganə yol Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitunun keçirdiyi bütün imtahanlar onlardan alınmalıdr. Elm və Təhsil Nazirliyinə birdəfəlik tapşırıq vermək lazımdır ki, sizin işiniz imtahan keçirmək deyil. Sizin işiniz ölkənin təhsil siyasətini həyata keçirməkdir. Təhsil müəssisələrinə, elmi-metodik dəstəyi göstərməkdir.

İmtahan üçün dövlətin digər bir qurumu -Dövlət İmtahan Mərkəzi var. Elm və Təhsil Nazirliyinin keçirdiyi bütün imtahanlar birmənalı şəkildə Dövlət İmtahan Mərkəzinə verilməlidir. Yalnız bu halda cəmiyyətdə süni narazılıqların qarşısını almaq, həmçinin ədalətli imtahan və müsabiqələr keçirmək olar”.

 

Günel Həsənova

Gununsesi.info