Sabir Rüstəmxanlı: “Dil varsa, millət var, dil varsa, şəxsiyyət var”

21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Beynəlxalq Ana Dili Günü münasibətilə fikirlərini bölüşüb.

Gununsesi.info saytı Xalq şairinin Beynəlxalq Ana Dili Günü ilə bağlı fikirlərini təqdim edir:

“Ana dili uğrunda Azərbaycan xalqı tarix boyu böyük mübarizələr aparıb. Bu mübarizə yolunda çoxsaylı qurbanlar verilib, böyük fədakarlıqlar göstərilib. Beynəlxalq Ana Dili Günü bu baxımdan mühüm əhəmiyyət daşıyır. Hər bir xalq öz ana dilini qorumalıdır, çünki dünya dilləri yer üzünün ən böyük sərvətlərindəndir. Dünyada 5 minə yaxın dil mövcuddur, lakin yalnız təxminən 200 xalqın dili dövlət dili statusuna malikdir. Azərbaycan dili də bu dillər sırasındadır.

Azərbaycan türkcəsi Çindən Avropaya qədər geniş bir ərazidə müxtəlif adlarla tanınsa da, kökü eyni olan türk dili ailəsinə məxsusdur. Dilimiz tarix boyu ciddi məhrumiyyətlərə məruz qalıb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsiri altında qalıb, müxtəlif təzyiqlərlə üzləşib. Buna baxmayaraq, bu gün mövcud olan 7 türk dövləti türk dilinin müxtəlif qollarının inkişafına mühüm töhfə verir.

Ana dili insanın varlığıdır. Dil varsa, millət var; dil varsa, şəxsiyyət var. Məhz buna görə ana dili uşağa körpə yaşlarından öyrədilməli və sevdirilməlidir. Tibbi araşdırmalara görə, uşaq ana bətnində olarkən belə ətrafında baş verənləri hiss edir. Bu səbəbdən hamilə qadınların yüksək səslə kitab oxuması tövsiyə olunur. Uşaq ana bətnində belə ana dilini, ana laylasını eşitməlidir”.

Xalq şairinin sözlərinə görə, uşağın tərbiyəsi bağçadan başlayaraq ana dilində aparılmalıdır:

“Daha sonra isə digər dilləri öyrənə bilər. İlk təhsil mütləq ana dilində olmalıdır. Aparılan çoxsaylı araşdırmalar göstərir ki, dil həm də genetik amildir. Uşağın geninə hopmuş dildə danışmaması onun şəxsiyyət kimi formalaşmasını ləngidir. Buna görə də daha çox ana dilində təhsil alanlar arasından böyük yazıçılar, mütəfəkkirlər yetişir. Bunlar elmi şəkildə sübut olunmuş həqiqətlərdir”.

Gununsesi.info