
Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb.
Siyasi şərhçi Azər Nİftiyev Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması faktına münasibət bildirib:
“Tarix bəzən parlaq adları qızıl hərflərlə yazır, bəzən də qara mürəkkəblə qeyd edir. Ramiz Mehdiyev bu iki rəngin sərhədində dayanmış, lakin sonda kölgəyə çevrilmiş bir məmur obrazıdır: xəyanətin akademiki, intriqanın memarı, səssiz fitnənin müəllifi.
Onun adı uzun illər “ideoloq”, “alim”, “dövlət xadimi” kimi təqdim olundu. Amma əslində o, dövlətin sinəsinə sancılan, illərlə sistemin qanını udan gizli bir bakteriya idi. Təcrübəsi vardı, amma bu təcrübədən xalqın, dövlətin, dövlətçiliyin xeyrinə deyil, öz kölgəsinin böyüməsinə sərf etdi.
Ramiz Mehdiyev dövlətin qapılarını ideyalar üçün yox, qorxu üçün açdı. Mehdiyev tənqidin üzərinə “xəyanət damğası”, yaltaqlığın üzərinə “sədaqət möhürü” vurdu. Onun yaratdığı ideoloji mühitdə düşünən insanlar susduruldu, düşünməyənlər isə yüksəldi. Əslində, bu, sadəcə bir cəmiyyətin faciəsi deyildi, bir sistemin zəhərlənməsi idi.
İllərlə “sadiq” göründü, amma sadiqlik onun üçün sadəcə alət idi. O, özünü dövlətin beyni kimi təqdim edirdi, amma əslində o beyin çoxdan vicdanını itirmişdi. Hər addımı hesablanmış, hər sözü ölçülüb-biçilmiş, hər sədaqəti saxta idi.
Ramiz Mehdiyev məmur arxetipinə yeni bir qat əlavə etdi – “akademik xəyanət” qatını. Onun üçün vəzifə ideya deyil, qalxan idi. Elmi titullar, fəlsəfi cümlələr, tarixi sitatlar – hamısı bir məqsədə xidmət edirdi: hakimiyyətə yaxın olmaq, amma eyni zamanda ondan uzaqlaşmağa yol saxlamaq. O, hər zaman ehtiyat çıxış qapısını açıq saxlayırdı – sanki xəyanət onun həyat sığortası idi”.
O, qeyd edib ki, belə adamlar dövlətin ən təhlükəli düşmənləridir.
“Çünki onlar düşmən kimi gəlmirlər – dost kimi otururlar, “sədaqət” libasında görünürlər. Onlar qılıncla yox, qələmlə, sözlə, intriqa ilə vururlar. Ramiz Mehdiyev kimi məmurlar dövlətin içindən çürüməsini təmin edən görünməz bakteriyalardır.
Vaxtilə minlərlə gəncin arzularını “partiya intizamı”, “ideoloji xətt” adı ilə boğan o sistemin arxasında o dayanırdı. O, cəmiyyətin enerjisini sındırmaq və düşüncəni nəzarətə almaq üçün planlı şəkildə çalışdı. Və bu gün biz onun “sədaqət illəri”nin ağır nəticələrini yaşayırıq: etimadsızlıq, susqunluq, yalanın adiləşməsi.
Ən böyük xəyanət, bəzən birbaşa düşmənlikdə deyil, səssiz təbəssümdə, susaraq zərər verməkdədir. Ramiz Mehdiyev bu səssizliyin ustası idi. O, heç vaxt qışqırmadı, amma hər kəlməsi bir çox taleləri susdurdu.
İndi o səhnədən getmiş kimi görünür. Amma onun yaratdığı məmur düşüncə tərzi qorxunun, riyakarlığın, ikiüzlülüyün mirası bəzi “dairələrdə” hələ də yaşayır. Ramiz Mehdiyev fiziki olaraq kölgəyə çəkilib, lakin onun obrazı bəzilərinin damarlarında hələ də dolaşır.
Tarix bu cür məmurları mükafatla yox, lənətlə xatırlayacaq. Çünki dövlətin ən böyük düşməni təkcə xaricdən gəlmir, bəzən o, içimizdə illərlə “xidmət edir”-deyə Azər Nİftiyev əlavə edib.
Şəbnəm