close

2005-ci il seçki sürprizləri: Bir dairədən 3 eyni ad, mandatdan imtina, yeni simalar… 

Azərbaycanda seçkilər. Foto: Andy.LIU/shutterstock

Natiq Cavadlı

IV hissə

Əvvəlki hissəni buradan oxuya bilərsiz.

 Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri sayılır.

Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.

Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.

Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.

Namizəd adam bıçaqlayır və seçkidən kənarlaşdırılır

21 saylı Nəsimi birinci seçki dairəsindən müstəqil şəkildə namizədliyini irəli sürən Nadir Orucov adam bıçaqladığına görə haqqında cinayət işi açıldı və seçkidən kənarlaşdırıldı. 

Bir dairədən 3 Eldar Namazov

1995-ci il seçkilərində 50 saylı Ağstafa seçki dairəsindən mandat qazanan Eldar Namazov üçün hakimiyyət bu dəfə sürpriz hazırlamışdı. Belə ki, 15 saylı Yasamal darəsindən onunla eyni ad, ata adı və soyadlı (Eldar Saqif oğlu Namazov) 2 namizəd də seçkilərə qatıldı. Postsovet məkanında bu cür təcrübə ilk dəfə Rusiyada gerçəkləşmiş və “klon namizədlər” adlandırılmışdı.

Eldar Namazov
Foto: arxiv

Eldar Namazov mətbuata bildirmişdi ki, hakimiyyət bununla seçiciləri çaşdırmaq məqsədi güdür.

Həmin dairədən hakim partiyanın namizədi Gülər Əhmədova idi. 

Xatırlatma: 2012-ci ildə mühacirətdə olan “”Azərbaycan” Universitetinin rektoru Eldaş Abdullayevin yaydığı videolar nəticəsində Gülər Əhmədova deputat mandatından məhrum edildi və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürüldü. 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçildi. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilsə də, 1 il sonra şərti cəza ilə azadlığa buraxıldı.

Etibar Məmmədovla Nazim İmanov qarşı-qarşıya

Orta məktəbdə bir yerdə oxuyan və birgə partiya yaradan Etibar Məmmədovla Nazim İmanov 16 saylı dairədə rəqibə çevrildilər.

Foto-kollaj: Meydan TV

Milli istiqlalçılar Nazim İmanovun keçmiş sədrinə qarşı rəqib olmasında iqtisadi inkişaf naziri Fərhad Əliyevin rolunun olduğunu iddia edirdilər. Bu dairədən hakim partiyanın namizədi BDU-nun rektoru Abel Məhərrəmov idi, elə mandat da ona verildi.

Seçkidə 2 milyon 183 min 903 seçici iştirak etdi

Noyabrın 6-da 125 dairə üzrə 1541 deputatlığa namizəd seçkiyə qatıldı. Rəsmi məlumata görə, 5137 seçki məntəqəsində ölkə üzrə 4.662.603 nəfər seçici qeydiyyatdan keçmişdi. Amma 2.183.903 seçici səsvermədə iştirak edib ki, bu da 46,83 faiz deməkdir.

Seçkiləri 45 ölkədən 1580-dən çox beynəlxalq müşahidəçi izlədi.

Foto: Meydan TV

MSK sədrindən 2 fərqli açıqlama

Seçki gününün səhəri, noyabr 7-də MSK sədri Məzahir Pənahov keçirdiyi brifinqdə dedi ki, seçkilərdə 125 dairədə 1541 namizəd yarışırdı:

5137 seçki məntəqəsində ölkə üzrə 4 milyon 662 603 nəfər qeydiyyat keçib. Seçkiləri 45 ölkədən 1580-dən çox müşahidəçi izləyib. Respublika üzrə 2 milyon 183 min 903 nəfər seçici səsvermədə iştirak edib. Bu da seçicilərin 46,83 faizi deməkdir”.

Məzahir Pənahov. Foto: MSK

Bir gün sonra isə Məzahir Pənahov seçkilərdə 4 milyon 675 min 572 seçicinin 1 milyon 974 min 36 nəfərinin seçkidə iştirak etdiyini bildirdi. O, ümumi ölkə üzrə seçici fəallığının 42.2 faiz olduğunu əlavə edib (Bu göstərici 4 dairədə və 460 məntəqədə seçkilərin nəticələrinin ləğvindən sonranı əks etdirir. Ümumi səsvermədə iştirak edən seçicilərin ilkin göstəricisi isə 46.6 faiz olub).

Parlamentin 65 faizi dəyişdi

MSK sədri parlamentin tərkibin 65 faiz dəyişdiyini vurğuladı.  

Hansı partiyanın nə qədər mandat qazanmasına gəldikdə, MSK sədri YAP-ın Milli Məclisdə 63 nəfərlə təmsil olunmaq hüququ qazandığını dedi:

Milli Məclis
Foto: Meydan TV

41 nəfər bitərəf, Ana Vətən Partiyasından 2, Vətəndaş Həmrəyliyi Partiyasından 2, Müsavatdan 4, AXCP-dən 2, Demokratik İslahatlar Partiyasından 1, Ümid Partiyasından 1, Vətəndaş Birliyi Partiyasından 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 1, Böyük Quruluş Partiyasından 1, Sosial Rifah-dan 1 mandat qazanıblar. 3 nəfər isə partiya mənsubiyyətini göstərməyib”.

Müxalifətin seçkiyə münasibəti

Müsavat Partiyasının başqanı İsa Qəmbər hakimiyyətin seçkilərdə total saxtakarlığa gedəcəyindən xəbərdar olduğunu bildirdi:

Biz xalqın səslərinin qorunması üçün ardıcıl və prinsipial surətdə konstitusion üsullarla mübarizəmizi davam etdirəcəyik”.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu nəticlərin onlar üçün gözlənilməz olmadığını qeyd etdi:

Foto: Meydan TV

“İndiki seçki durumu istər seçki qanunvericiliyi bazasının yaradılmasında, istərsə də seçkiqabağı şəraitdə aparılan qeyri-bərabər, anti-demokratik vəziyyətin davamı kimi qiymətləndiririk”.

AXCP sədri Əli Kərimli 6 noyabr seçkilərinin xalqın iradəsini ifadə etmədiyini və kütləvi saxtakarlığın olduğunu bildirdi.

Beynəlxalq təşkilatların 6 və 9 noyabr rəylərindəki fərqlər

Seçkiləri Beynəlxalq Müşahidə Missiyası (SBMM) ilkin rəyində “6 noyabr seçkiləri ATƏT-nin qoyduğu öhdəliklərə və Avropa Şurasının demokratik seçki standartlarına cavab vermədiyi” deyə qiymətləndirdi.

Missiyanı ATƏT-nin Parlament Assambleyası, AŞPA, Avropa Parlamenti, NATO Parlament Assambleyası birgə təşkil etmişdi. Müşahidə Missiyasına 665 müşahidəçi daxil idi.

6 noyabrda seçki başa çatandan sonra keçirdiyi mətbuat konfransında SBMM-nin rəyində seçki günü baş verənlərin bütövlükdə seçkinin nəticələrinə inamın azalmasına səbəb olduğu vurğulanırdı:

“Bizim müşahidələrimiz bülletenlərin sayılması prosesini 43 faizini pis, ya çox pis qiymətləndirib. Barmaqlara mürəkkəbin vurulması da yaxşı icra olunmayıb. Seçki komissiyalarının təşkili də bizi çox narahat edir. Hazırkı tərkibdə seçki komissiyaları seçki prosesi zamanı bütünlükdə hakimiyyətdə olan namizədlərin maraqlarına xidmət edib. Bu da seçkilərin müstəqil və dürüst şəkildə idarə olunmasına inamı azaldıb. Ona görə də seçki komissiyalarının tarazlaşdırılmış qaydada təşkil olunması çox böyük əhəmiyyət kəsb edir”.

Foto: Meydan TV

Ancaq noyabrın 9-da ATƏT/DTİHB beynəlxalq müşahidə missiyasının hazırladığı 12 səhifəlik “İlkin faktlar və yekun” adlı hesabat bir qədər fərqli məzmun daşıyır. Sənəddə deyilirdi ki, seçkilər çox öhdəliklərə, demokratik seçkilərə dair ATƏT-in və Avropa Şurasının müəyyən etdiyi standartlara uyğun olmayıb:

“Seçici siyahılarının yeniləşdirilməsi və seçici vəsiqələrinin paylanması üzrə vahid prosedur müəyyən olunmayıb. Ən azı, 33 seçki dairəsində seçicilərin sayı yolverilən norma həddini aşıb. Beynəlxalq müşahidə missiyasının üzvləri müşahidə etdikləri seçki məntəqələrinin 87 faizində səsvermənin gedişini müsbət dəyərləndiriblər. Amma müşahidə aparılan məntəqələrin 43%-də səslərin sayılması gedişi ya pis, ya da olduqca pis dəyərləndirilib. Seçki məntəqələrinin 15%-də səsvermənin nəticələri protokollar üzrə saxtalaşdırılıb. Daha 15% məntəqədə protokollar karandaşla doldurulub. Məntəqələrin 18%-də müşahidəçilərə hədə-qorxu gəliblər. Məntəqələrin 54%-də protokolların nəticələri elan olnmayıb ki, bu da cidid qanun pozuntusudur. Dairə seçki komissiyalarının 31%-də səsvermənin nəticələrinin sayılması ya pis, ya da olduqca pis kimi dəyərləndirilib”.

Lider TV”: Əli Əhmədov “Qocalar evi”nə 20 televizor verib

Eyni zamanda, sənəddə bir çox vacib nöqsanlar da qeyd edilirdi. Xüsusilə, hakimiyyətin dəstəklədiyi namizədlərə kömək məqsədilə yerli icra qurumlarının seçki prosesinə müdaxiləsi, aksiyaların keçirilməsinə əsassız məhdudiyyətlərin qoyulması, habelə bəzi hallarda sanksiyalaşdırılmamış aksiyalara polisin həddən artıq zor tətbiq etməsi qeyd olunur:

Əli Əhmədovun mətbuat konfransı
Foto: Azərtac

Seçki kampaniyası bütünlükdə sənəddə qeyd olunduğu kimi hakim Yeni Azərbaycan Partiyasının “dominantlığı” altında keçirilib. Bundan əlavə qanunun ziddinə olaraq kampaniyanın gedişində seçicilərə hədiyyələr paylanması təcrübəsindən geniş istifadə edilib. Belə ki, “Lider” telekanalı oktyabrın 3-də hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun “Qocalar evi”nə 20 televizor paylaması ilə bağlı süjet nümayiş etdirib” (“Turan”).

Ölkə başçısının mətbuat katibindən ATƏT-ə etiraz

Prezidentin mətbuat katibi Azər Qasımov noyabrın 7-də açıqlama yayır. Azər Qasımov seçki günü Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının (SBMM) tədbirində qeyri-dəqiqliyə, kobud təhrifə yol verildiyini deyir: 

Prezident İlham Əliyevin mətbuat katibi Azər Qasımov
Foto: Azərtac

“Mətbuat konfransında ATƏT-nin Parlament Assambleyası sədrinin sözləri təhrif olunub. Belə ki o, “Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verməyib” deməyib. Sadəcə, deyib ki, seçkilər bir sıra ATƏT öhdəliklərinə və Avropa Şurası standartlarına cavab vermir. Bunlar tamamilə fərqli məsələlərdir. Əfsuslar ki, bu gün yenə də ATƏT-in saytında başlıq kimi çıxarılıb: “Azərbaycandakı seçkilər beynəlxaq standartlara cavab vermir”. Biz bu gün ATƏT-in müvafiq nümayəndələri və müşahidəçiləri ilə əlaqə saxladıq. Onlar iradımızı ciddi şəkildə qəbul etdilər və bunun tez bir zamanda düzələcəyinə əminliklə söz verdilər. Yenə qeyd edirəm ki, bu fikir tərcüməçi tərəfindən çox təhrif olunub və kobud səhvə yol verilib”.   

4 dairə sədri haqda cinayət işi açıldı

Dekabrın 1-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyir.

Məhkəmə 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 119 saylı Ağdam kənd seçki dairələri üzrə seçkilərin nəticələrini ləğv etməsi haqda qərar çıxarır.

Həmçinin, 4 dairənin sədrləri və üzvləri haqqında cinayət işinin açılması barədə qərar qəbul edilir:

Foto: Meydan TV

“Seçki sənədlərini saxtalaşdırdıqlarına görə 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyasının sədri  və başqaları, 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının  sədri və başqaları, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 məntəqə seçki komissiyasının sədrləri  və üzvləri, qulluq səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 69 saylı  Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyasının 4 üzvü  barəsində cinayət işləri  başlanılır”.

Flora Kərimova, “Azadlıq Bloku” və həbs olunan DSK, MənSK sədrləri

6 noyabr seçkilərində qalmaqallı dairələrdən biri 42 saylı Sumqayıt seçki dairəsi idi, çünki ən çox da şikayət bu dairədən idi. Şikayətlər nəticəsində  “Azadlıq” Blokunun namizədi Flora Kərimova haqda Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarda ona 56 min avro kompensasiya ödənilməsi göstərilirdi. Bu, Azərbaycanda Avropa Məhkəməsinin o vaxt hökumətə ən çox cəriməsi sayılırdı.

Xalq artirsi Flora Kərimova
Foto: arxiv

Niyə F.Kərimovanın üzərində dayanırıq? Məsələ ondadır ki, MSK seçki gününün sonunda elan etdiyi məlumatda onu qalib elan etmişdi. Amma bir neçə saat sonra məlumat silindi və qeyd olundu ki, həmin dairədə nəticələr hələ bəlli deyil. İkinci məqam odur ki, “Azadlıq” Blokunun Seçki Qərargahının rəhbərliyində F.Kərimovanın namizədliyinə münasibət birmənalı deyildi. Bu, F.Kərimovanın nümayəndəsi Bəhruz Əsədbəylinin qərargahın sədri Pənah Hüseynə müraciətində də öz əksini tapmışdı. B.Əsədbəyli yazırdı ki, Seçki Qərargahının rəhbərlərindən biri “Flora Kərimova kimdir ki, Azərbaycan parlamentində otursun və millət vəkili olsun? O, buna layiq deyil” ifadələri işlətməsi namizədə qarşı münasibətin məntiqi nəticəsidir:

“Bu məsələni blokun rəhbərliyinə çatdırın və ciddi münasibəti göstərilməsini təvəqqi edirəm”.

Foto: Meydan TV

Nəhayət, həmin dairənin sədri Tofiq Abdullayev və 2 məntəqə sədri haqqında cinayət işi açıldı. Tofiq Abdullayev 1 il 28 gün azadlıqdan məhrum edildi.

2006-cı il yanvarın 19-da keçirilən Sumqayıt Şəhər Məhkəməsinin qərarında göstərilirdi ki, Şükür Əzimov və Tofiq Abdullayev Cinayət Məcəlləsinin 161.1 (seçki sənədlərinin saxtalaşdırılması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum edilib. Birinci təqsirləndirilən şəxs 110 AZN ilə cəzalandırılıb və seçki administrasiyasında vəzifə tutmaqdan məhrum edilib. T.Abdullayev isə mənfəətinin 15 faizinin dövlətin xeyrinə tutulması şərtilə bir il iyirmi səkkiz günlük islah işlərinə cəlb edilib:

Sumqayıt Apelyasiya Məhkəməsi. Foto: Azərtac

Təqsirli şəxsin etiraflarına və bir neçə şahid ifadələrinə əsaslanan məhkəmənin hökmü MənSK protokollarına edilən düzəlişlərin çox hissəsinin həmin protokolların DSK-ya təhvil verilməsindən sonra DSK sədri tərəfindən edildiyini aşkar edib. DSK-nın sədri MənSK protokollarını 8 seçki məntəqəsi üzrə dəyişdirdiyini etiraf edib. O, əlavə rəqəmlər daxil edərək və ya mövcud rəqəmləri dəyişdirərək, hər bir seçki məntəqəsində müxtəlif namizədlərin ümumi səs sayına dəyişiklik edib. Bu tərzdə o, ərizəçinin (Flora Kərimova-red) deyil, ən azı digər beş namizədin topladığı səs sayını çoxaltmış (Hicran Hüseynova da daxil olmaqla, səsini saydığı namizədlərin hər birinə 100 səs əlavə etmişdir) və ərizəçinin səslərini azaldıb (100 səs)”.

DSK sədri Tofiq Abdullayev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin qohumu idi. T.Abdullayev bir müddət həbsdə qalandan sonra yaşının çoxluğuna görə əfv edildi. 

Seçkidən sonra

Noyabrın 9-da Sabirabad (Əşrəf Məmmədov) və Suraxanı (Natiq Mehdiyev) rayonlarının icra başçıları vəzifələrindən azad olundu.

Avropa Məhkəməsi 2005-ci il seçkiləri ilə bağlı müxtəlif illərdə 16 qərar qəbul etdi.

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

9 saylı Binəqədi ikinci seçki dairəsinin sədri Zahid Canayev, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 20 saylı məntəqəsinin sədri Ziyadxan Budaqov həbs edildi. Onlara qarşı CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 161.1 (seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma) maddələri ilə cinayət işi açıldı.

MSK 31 saylı Suraxanı ikinici seçki dairəsinin 8,13, 17, 18, 20, 22, 23, 24, 25 və 28 saylı məntəqələri üzrə araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət etdi.

Polis mitinqçilərin “Hazırıq!” deməsindən sonra aksiyanı dağıtdı

Noyabrın 26-da “Qələbə” meydanında seçki saxtakarlığına qarşı geniş mitinq keçirildi. “Azadlıq” blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlu (ADP) çıxış etdi. Mitinq başa çatandan sonra Əli Kərimli meydana xitabən iştirakçıların oturaq aksiyaya hazır olub-olmadıqlarını soruşdu və iştirakçıların “Hazırıq!” deməsindən sonra oturaq aksiya qərarı verildiyini elan etdi. Bu zaman Müsavat Partiyasının başqanı və tərəfdarları meydanı tərk etmişdi.

Foto: Meydan TV

Əli Kərimlinin çıxışının ardınca Daxili İşlər Nazirliyinin Daxili Qoşunları meydana hücum etdi və aksiya dağıdıldı.

MSK-da nəticələrin əleyhinə səs verib yekun protokolu imzalayan Müsavat təmsilçisi…

Müsavat Partiyasını Mərkəzi Seçki Komissiyasında təmsil edən Vidadi Mahmudovun komissiyanın iclasında nəticələrin əleyhinə səs versə də, yekun protokolları imzalaması təkcə müxalifətdə deyil, cəmiyyətin siyasi kəsimində də şok yaratdı. V.Mahmudov keçirdiyi mətbuat konfransında 2000-ci ildən fərqli olaraq bu dəfə seçkilərdə müsbət irəliləyişin olduğunu deyərək, fikrini Arif Hacılının, Rauf Arifoğlunun namizədliyinin qeydə alınması, Lalə Şövkət Hacıyevanın, Arzu Səmədbəylinin, Nəsib Nəsiblinin, Pənah Hüseynin deputat seçilməsi ilə əsaslandırdı. O, Seçki Məcəlləsinin 110.12 maddəsinə əsasən MSK seçkilərinin yekunlarına dair qərarına səs verməyən qurum üzvünün protokola imza atmasını hüquqi cəhətdən mümkün olduğunu söylədi:

Foto: Meydan TV

“Bu maddə qərarın əleyhinə səs verənin protokola imza atmasını qadağan etmir. Bu, o demək deyil ki, mən seçkilərin nəticələrinin tamamilə hamısını qəbul edərək protokola imza atmışam”.

VHP üzvü Ənvər Əliyev yekun protokolu imzalamır və… 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi Seçki Komisisyasında üzvü olan Ənvər Əliyev MSK-da nəticələrin əleyhinə səs verir və yekun protokolu imzalamır. Ardınca Vətəndaş Həmrəyliyi Partiyası Ənvər Əliyevi Almaz Qəhrəmanlı ilə əvəzləyir. Ə.Əliyev “Azadlıq” qəzetinə deyir ki, partiya sədri Sabir Rüstəmxanlı ona MSK-da göstərdiyi 3 illik fəaliyyətinə görə təşəkkür edib:

Ənvər Əliyev. Foto: Azadlıq Radiosu

Amma sonradan mənə etimadsızlıq göstərilməsinin səbəbi bəlli deyil. Çox qəribə vəziyyət yarandı, yanvarın 9-da Sabir bəy mənə zəng edərək yenidən MSK-ya göndəriləcəyimi, ona görə atamın adını soruşdu. Mən Siyasi Şuranın çağırılaraq qərar qəbul olunmasını istəsəm də, o, buna ehtiyac görmədi. Lakin yanvarın 12-də Siyasi Şurada Almaz Qəhrəmanlı təsdiqlənib. Sabir Rüstəmxalı da iclasda deyib ki, guya mən də razılıq vermişəm. Halbuki, mənim xəbərim olmayıb”.

Lalə Şövkət mandatdan imtina edir, müsavatçılar parlamentə gedir

MSK Lalə Şövkət Hacıyevanın qalib gəlməsini təsdiqləyəndən sonra yanvarın 17-də Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva mandatdan imtina edir. Lalə Şövkət Hacıyeva qərarını parlamentin təyinat əsasında formalaşdırılması və “noyabrın 26-da buna etiraz edən dinc insanlara divan tutulması” ilə izah edir.

Lalə Şövkət, Foto: Liberal Partiyası

Ancaq ondan fərqli olaraq AXCP sədri Əli Kərimli və Ali Məclisin rəhbəri Qulamhüseyn Əlibəyli MSK nəticələri elan etmədən mandatlarından imtina edirlər. Həmin vaxt AXCP sədrinin müavini olan professor Cəmil Həsənli Milli Məclisin iclaslarına qatıldığına görə partiyadan istefa verir. Cəmil Həsənli illər sonra yazdığı “Zamanın sınağında” kitabında Əli Kərimlinin və Qulamhüseyn Əlibəylinin MSK-nın qərarı olmadan belə bir bəyanat verməsini səhv addım sayır:

“Bu barədə partiya rəhbərliyində gedən müzakirədə mən o addımı səhv hesab etdim və qeyd etdim ki, əvvəlcə mandatı almaq, sonra isə sizə məxsus olan mandatdan imtina etmək daha doğru olardı. Yeri gəlmişkən, Liberal Partiyanın sədri Lalə Şövkət Hacıyeva belə də etmişdi. Amma Cəbhə rəhbərliyi qərar verməyə tələsdiyi üçün, ümumiyyətlə, hakimiyyət o mandatı onlara vermədi. Düzdür, sonralar Avropa Məhkəməsi Əli bəyin qələbəsini təsbit etdi və hökumət cərimə ödəməli oldu. Lakin Avropa Məhkəməsi qərar qəbul edəndə artıq seçkilərdən xeyli müddət keçmişdi”.

Müsavat Partiyasının Məclisi. Foto: Müsavat Partiyası

Fevralın 5-də Müsavat Partiyasının məclisi parlamentə və təkrar seçkilərə getməklə bağlı qərar qəbul edir. Partiyanın üzvü Elxan Mehdiyev məclisin qərarını “bu, kapitulyasıdır” deyə qiymətləndirir.

Bununla da Müsavat Partiyasının “Azadlıq” Bloku ilə yolları ayrılır. Müsavat Partiyasının qərarını mediada şərh edən Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu “Azadlıq” blokunun seçkilərə vahid siyahı ilə getmək, birgə təbliğat aparmaq və seçkidən sonra birgə addımlar atmaq üçün qurulduğunu qeyd etdi:

İndi həmin siyasi xətt yoxdur, fərqli fikir və mövqelər meydana çıxıb. Bu isə blokun mövcudluğunu şübhə altına alır. Müsavat Partiyası artıq ortaya ikinci yol qoyub və bu qərarla bizim yollarımız ayrılıb”.

Bundan sonra parlamentə mandat qazanan “Azadlıq” Blokunun Müsavatdan olan nümayəndələri Arzu Səmədbəyli, İkram İsrafil, İltizam Əkbərli, Nəsib Nəsibli və Pənah Hüseyn mandatlarını alıb iclaslara qatılırlar.  

İki AMİP yaranır

Yanvarın 8-də AMİP Mərkəzi Şurasının iclasında partiya sədri Əli Əliyevə qarşı çıxan Siyasi Şura tam tərkibdə istefaya göndərildi, yeni Siyasi Şura formalaşdırıldı. Əli Əliyev partiyadakı ayrılmanın ideoloji müstəvidə olduğunu bildirdi.

Elə həmin gün “Hyaat Regency” Hotelində partiyanın lideri Etibar Məmmədovun sədrliyi ilə Mərkəzi Şura toplanaraq sədr Əli Əliyevə etimadsızlıq göstərilməsi barədə qərar çıxardı. Partiyanın parçalanmasının başlıca səbəbi kimi sədr Əli Əliyevin real müxalifət mövqeyinə keçərək, 6 noyabr seçkisinə sərt münasibət sərgiləməsi göstərilirdi.

Foto: Meydan TV

Yanvarın 22-də partiyanın hər iki qanadı qurultay keçirərək bir-birinə etimadsızlıq göstərdi.

Amma bir neçə ildən sonra Əli Əliyev AMİP adından imtina edərək Vətəndaş və İnkişaf Partiyasını elan etdi, ardınca həbs edildi, sonra isə siyasətdən getdi.

2005-ci ilin parlamentinin yeni simaları

III çağırış Milli Məclisinin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. Əvvəlki parlamentdə “yeni azərbaycanlılar”ın sayı 77 nəfər olmuşdu. İlk dəfə idi Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə təmsil olunurdu. Əvvəlki parlament tərkiblərindən fərqli olaraq bu dəfə AXCP-dən bir nəfər də yox idi. Vətəndaş Həmrəyliyi 3, Ana Vətən 2,  Demokratik İslahatlar, Sosial Rifah, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Ümid və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi.

III çağırış Milli Məclisi qadınların sayı dəyişməz qalsa da, yeni simalar vardı. II çağırışda olduğu kimi 2005-ci il də qadınların 14 nəfər qalmışdı. Ancaq Naira Şaxtaxtinskaya, Əsmətxanım Məmmədova, Amaliya Pənahova, Gülçöhrə Məmmədova, Afət Xanbabayeva, Aynur Sofiyeva, o cümlədən, YAP-ın yaradıcılarından Asya Manafova yeni parlamentdə yer almadılar. Onları jurnalistlər Elmira Axundova, Qənirə Paşayeva, Aynur Camalqızı, həmçinin, Lalə Abbasova, Jalə Əliyeva, Mehriban Əliyeva, Həvva Məmmədova kimi yeni simalar əvəzlədi.

Milli Məclis
Foto: arxiv

Bundan əlavə, jurnalist Aqil Abbas da ilk dəfə deputat mandatını 2005-ci ildə aldı. Onunla bərabər Aydın Abbasov, Rövnəq Abdullayev, Hüseyn Abdullayev, Əkrəm Abdulayev, Yevda Abramov, Novruzəli Aslanov, Hikmət Atayev, Ərəstun Cavadov, Rəfael Cəbrayılov, Gülhüseyn Əhmədov, Vahid Əhmədov, Əhəd Əhmədov, Rauf Əliyev, Vasif Əliyev, Azər Əmiraslanov, Çingiz Əsədullayev, Əkrəm Əylisli, Xəlilbəy Günəşov, İsmayıl Hacıyev, Sabir Hacıyev, Şəmsəddin Hacıyev, Pənah Hüseyn, İsa Həbibbəyli, Aydın Həsənov, Sevindik Hətəmov, Dünyamin Xəlilov, Rüstəm Xəlilov, Nizami İsgəndərov, İlyas İsmayılov, İkram İsrafil, Məcid Kərimov, Eldar Quliyev, Rüfət Quliyev, Ülvi Quliyev, Cavid Qurbanov, Eyvaz Qurbanov, Fərhad Qəribov, Hüseynbala Mirələmov, Fazil Mustafa, Fuad Muradov, Abel Məhərrəmov, Rafiq Məmmədhəsənov, İlham Məmmədov, Nazim Məmmədov (Bəydəmirli), Səfər Məmmədov, Vidadi Məmmədov, Əli Məsimli, Nəsib Nəsibli, İltizam Əkbərli, Arzu Səmədbəyli, Cavanşir Paşazadə, Rövşən Rzayev, Astan Şahverdiyev, Məjlum Şükürov, Ziyad Səmədzadə, Baba Tağıyev, Əhməd Vəliyev, Vaqif Səmədoğlu və Fərrux Zeynalov ilk dəfə idi mandat alırdı.

Parlamentin rəhbərliyi dəyişilir

2005-ci il parlamentində spiker Murtuz Ələsgərovu “Azərsu” SC-nin sədri, deputat Oqtay Əsədov əvəzlədi. Onun birinci müavini Ziyafət Əsgərov, digər müavinləri Bahar Muradova və Valeh Ələsgərov oldu.

Qanunverici orqanın ən yaşlı deputatı, 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.

Ana səhifəSiyasət2005-ci il seçki sürprizləri: Bir dairədən 3 eyni ad, mandatdan imtina, yeni simalar…