close

9 konqresmen və bir senator Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib

ABŞ Konqresi. Foto: Shutterstock\onemoreimage

Qubad İbadoğlunun səhhəti əvvəlki kimi pisləşməyə doğru gedir”

ABŞ-ın Nyu-Cersi ştatından doqquz konqresmen və bir senator Azərbaycanda həbsdə olan iqtisadçı Qubad İbadoğlunun azad edilməsi üçün ABŞ dövlət katibi Entoni Blinkenə müraciət edib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib.

Onun sözlərinə görə, müraciətdə qardaşının dərhal və qeyd-şərtsiz azad edilməsi üçün bütün diplomatik kanallardan və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıqdan istifadə etmək çağırışı yer alıb.

Qalib Bayramov bildirir ki, həmin çağırışda həmçinin Dövlət Departamentindən Qubad İbadoğlunun azad edilməsi üzrə aparılan iş haqqında hesabat istənilib.

Qalib Bayramov qardaşının səhhətindən də danışıb. Deyib ki, Qubad İbadoğlunun səhhəti əvvəlki kimi pisləşməyə doğru gedir, xəstəlikləri artır, ona səmərəli tibbi yardım göstərilmir.
Məsələyə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Lakin daha öncə Meydan TV-nin Qubad İbadoğlunun səhhəti ilə bağlı sualına, bunun onların yox, tibb müəssisəsinin nəzarətində olduğunu bildirmişdilər.

Emin Bayramov. Foto: “Facebook”

ABŞ-ın Nyu-Cersi ştatının nəşri ola “nj.com” da Qubad İbadoğlu barəsində məqalə hazırlayıb.
Nəşrə danışan Qubad İbadoğlunun oğlu Emin Bayramov deyib ki, iki həftədə bir dəfə atası ilə telefonla danışa bilir:

“Atamın tənzimlənməyən şəkərli diabeti, ürəyində problemləri var. Hər dəfə telefonda mənə narahat olmamağı, dərslərimə fikir verməyi tapşırır, deyir, hər şey yaxşı olacaq”.

Məqalədə qeyd edilir ki, ABŞ Nümayəndələr Palatasının Nyu-Cersi ştatından nümayəndəsi Frank Pallone Bayden administrasiyasını Qubad İbadoğlunun azadlığını təmin etməyə çağırıb:

“Prinston və Rutgers universitetlərinin əməkdaşı olmuş Qubad İbadoğlunun azadlığı üçün təxirəsalınmaz addımlar atılması lazımdır, çünki onun sağlamlığı sürətlə geri gedir”.

Məqalədə Qubad İbadoğlunun ABŞ universitetlərindəki elmi-pedaqoji fəaliyyəti və Azərbaycandakı həbsi barədə də ətraflı yazılıb, vəkili Zibeydə Sadıqovanın və həyat yoldaşı İradə Bayramovanın fikirlərinə yer verilib.

Foto: “Facebook”

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN-dən İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildiriblər.

Avqustun 25-də ona qarşı daha bir ittiham irəli sürülüb – “dini ekstremist materialların hazırlanması, saxlanması və yayılması”.

Qubad İbadoğlu ittihamları absurd hesab edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. Bir çox beynəlxalq təşkilat və rəsmi şəxslər Azərbaycan hakimiyyətini siyasətçini dərhal azad etməyə çağırıb. Avropa Parlamenti İbadoğlunun təqibi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyi gündəmə gətirib.

Ana səhifəSiyasət9 konqresmen və bir senator Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib