close

BMT-nin Qəzzaya yardım aparan 88 əməkdaşının öldüyü bildirilir

Foto: BMT

Təşkilat bəyanat yaydı: “İndiyə qədər ən yüksək saydır”

Oktyabrın 7-dən bəri Qəzza zolağında gedən döyüşlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinin (UNRWA) 88 əməkdaşının həlak olduğu bildirilir.

Bununla bağlı BMT-nin humanitar təşkilatları birgə bəyanat yayıblar.

“Bu, indiyədək bir münaqişədə həlak olan BMT əməkdaşlarının ən yüksək sayıdır”, – bəyanatda deyilir.

Bildirilir ki, İsraildə 1400-ə yaxın adam ölüb, minlərlə insan yaralanıb, aralarında uşaqlar da daxil olmaqla 200-dən çox adam girov götürülüb.

Əlavə olunur ki, Qəzza zolağında isə 3900-ü uşaq olmaqla, təxminən 9500 nəfər ölüb.

Biz (münaqişə tərəflərini) beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə əməl etmək çağırışımızı bir daha təkrar edirik. Biz girovluqda olan bütün mülki şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışımızı təkrar edirik. Qəzzaya əlavə yardım – ərzaq, su, dərman və təbii ki, yanacaq çatmalıdır. Bizə təcili atəşkəs lazımdır. Artıq otuz gün keçib, daha bəsdir. Buna indi son qoyulmalıdır”, – bəyanatda deyilir.

Sənədi BMT-nin 17 qurumunun nümayəndələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) direktoru Volker Türk, BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel və başqaları imzalayıblar.

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

Kütləvi atəşlərdən sonra HƏMAS döyüşçüləri yəhudi dövlətinin cənubundakı sərhəd bölgələrinə daxil olublar.

HƏMAS-ın hərbi qanadı “Əl-Əqsa tufanı” əməliyyatını elan edib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolaqdakı hədəflərə, o cümlədən mülki şəxslərə qarşı hava zərbələri endirməyə başlayıb.

Bundan əlavə, İsrail Qəzzanı tam blokadaya aldığını elan edib. Su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Ana səhifəDünyaBMT-nin Qəzzaya yardım aparan 88 əməkdaşının öldüyü bildirilir