close

Afiəddin Məmmədovun aclıq aksiyasına başladığı bildirilir

Afiəddin Məmmədov. Foto: sosial şəbəkə

İctimai fəal həbsinə etiraz edir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb. Bu barədə onun üzvü olduğu “Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədli məlumat verib.

“Afiəddin Məmmədov üçüncü dəfə qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb. Onun ailə üzvlərilə telefonla əlaqə saxlamaq hüququ əlindən alınıb. İnzibati qaydada həbs olunanların saxlandığı təcridxanada aclıq aksiyası hər nə qədər çətin olsa da, Afiəddin Məmmədovun səhhətinə ziyan versə də, görünür, hakimiyyətin bu cür rəftarı, artıq ona başqa çıxış yolu qoymayıb”, – Əhməd Məmmədli bildirib.

Afiəddin Məmmədov avqustun 1-də saxlanılıb. Ertəsi gün onun haqqında 30 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe oımama) maddələrilə cəzalandırılıb.

Afiəddin Məmmədov vəkili Zibeydə Sadıqovaya deyib ki, avqustun 1-də axşam saatlarında evə gedərkən onu mülki geyimli şəxslər saxlayıb, zorla maşına mindirərək, 26-cı polis bölməsinə aparıblar. Orada onun haqqında polisə müqavimət ittihamıyla protokol tərtib olunub. Ardınca da məhkəmə qarşısına çıxarılaraq, barəsində 30 sutkalıq həbs qərarı çıxarılıb.

Bu cəza ilə yanaşı, Afiəddin Məmmədov həm də cərimələnib. Xətai rayon İcra və probasiya şöbəsinin təqdimatı əsasında onun haqqında daha bir inzibati xəta işinə baxılıb.

Xətai Rayon Məhkəməsində hakim Rəfael Sadıxovun qərarıyla ona İnzibati Xətalar Məcəlləsinin 528-ci (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməmə) maddəsilə cərimə tətbiq olunub.

Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədovun həmin aksiya zamanı izlənildiyi, daha sonra evə gedərkən saxlanıldığı bildirilir.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır. Lakin motosiklların satıldığı yerlər bundan ötrü lazım olan sənədi vermirlər:

 “Ölkədə baş verən korrupsiya özünü bu sahədə də göstərir…”.

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Ana səhifəSiyasətAfiəddin Məmmədovun aclıq aksiyasına başladığı bildirilir