close

Tokayev: “Qazaxıstan Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl edəcək”

Kasım-Jomart Tokayev. Mənbə: Vladimir Tretyakov/shutterstock

O, bu bəyanatı Olaf Şoltsla Berlində keçirdiyi mətbuat konfransında səsləndirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya qarşı Qərb ölkələrinin tətbiq etdiyi sanksiya rejiminə əməl edəcəyini bəyan edib.

Bu açıqlamanı sentyabrın 28-də Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Almaniya Kansleri Olaf Şoltsla Berlində keçirdiyi mətbuat konfransında səsləndirib.

Qazaxıstan Rusiyaya qarşı sanksiya rejiminə əməl edəcəyini birmənalı şəkildə bəyan edib”, – deyə Kasım-Jomart Tokayev bildirib.

O əlavə edib ki, müvafiq qurumlarla əlaqələr davam edir:

Mənə elə gəlir ki, Rusiyanın sanksiyalar rejimindən yayınması üçün Qazaxıstanın mümkün addımları ilə bağlı Almaniya tərəfinin heç bir narahatlığı olmamalıdır”.

2023-cü ilin iyulun 24-də Qazaxıstanın “Kazpochta” (Qazax poçtu) və “Nurbank” sanksiyalar səbəbindən “Unistream” ilə bütün əməliyyatları qeyri-müəyyən müddətə dayandırdıqlarını açıqlayıb.

2022-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəyə qismən səfərbərlik elan etdikdən sonra yüz minlərlə rus ölkəsini tərk edərək Mərkəzi Asiya, Qafqaz və digər keçmiş Sovet respublikalarına köçüb.

Rusiyaya niyə sanksiyalar tətbiq olunub?

2022-cil ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaTokayev: “Qazaxıstan Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl edəcək”